
Gürcüstanda “Tikinti Ombudsmanı” institutu yaradıla bilər.
Aktual.ge xəbər verir ki, bu təkliflə vətəndaşlar Zurab Vanişvili, Zurab Qlonti, Besik Qatamadze və Roland Koçodze Parlamentə müraciət ediblər.
Parlamentin bürosunun qərarına əsasən, qanunverici orqanın Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinə bu təklifin müzakirəsi və qərarın büroya təqdim olunması tapşırılıb.
Daha konkret desək, yuxarıda adı çəkilən Gürcüstan vətəndaşları Parlamentə müraciət edərək “Tikinti Ombudsmanı haqqında” qanunun qəbul olunmasını istəyirlər. Vətəndaşlar bu ehtiyacı ölkədə tikinti icazələrinin verilməsi prosesinin geniş pozuntularla müşayiət olunması ilə əsaslandırırlar.
“Məlumdur ki, tikinti icazələrinin verilməsi prosesi genişmiqyaslı pozuntularla xarakterizə olunur. Açıq nümunə kimi sizə 31 dekabr 2018-ci ildə konkret bir tikinti layihəsi üçün verilmiş icazənin qanunsuzluğunu sübut edən 7 məhkəmə-ekspertiza rəyini təqdim edirik. Bu rəylər paytaxtda 12.04.2016-cı il tarixində razılaşdırılmış memarlıq layihəsinin yeddi qanunsuzluğunu təsdiq edir.
Rəylər Gürcüstan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Milli Bürosu tərəfindən 2024–2025-ci illərdə hazırlanıb. Bu 7 ekspertiza rəyi göstərir ki, (S/K sahəsində və ətrafında) 12.04.2016-cı ildə razılaşdırılmış memarlıq layihəsi aşağıdakı 7 epizod üzrə qanunsuzdur:
Layihələndirilmiş binanın altından qaz kəməri keçir;
Bu qaz kəmərinin cənub, qərb və şərq istiqamətində köçürülməsi mümkün deyil;
Layihələndirilmiş bina ilə stadion arasında tələb olunan 10-40 metrlik məsafə qorunmayıb;
Layihələndirilmiş bina ilə yaxınlıqdakı avtoqarajlar arasında tələb olunan 15 metrlik məsafə qorunmayıb;
Layihələndirilmiş binaya aparan yolun kənarından bina divarına qədər yanğın təhlükəsizliyi üçün tələb olunan 8-10 metrlik məsafə təmin olunmayıb;
Layihələndirilmiş binaya aparan yolda piyada yolları və səkilər yoxdur;
Layihələndirilmiş binaya aparan yolun kənarından bina divarına qədər yanğınsöndürən maşınlar və yanğınsöndürən pilləkənlər üçün tələb olunan 8-10 metrlik məsafə nəzərə alınmayıb.
Təklif müəllifləri hesab edirlər ki, bu 7 ekspertiza rəyi tikinti icazələrinin verilməsinin xaotik şəkildə həyata keçirildiyini açıq şəkildə sübut edir" , - müraciətdə deyilir.
Müraciət məktubunda həmçinin qeyd olunub ki, tikinti sahəsində aydın və ardıcıl qaydalar mövcud deyil, şəffaflıq artırılmalıdır, tikinti qaydalarının əlçatanlığı təmin olunmalı, tikintinin keyfiyyətinə nəzarət və təhlükəsizlik mexanizmləri mövcud olmalı və layihələrin risk kateqoriyalarına əsasən qiymətləndirilməsi həyata keçirilməlidir.
“Bir tikinti icazəsi ilə bağlı 7 ayrı-ayrı məhkəmə ekspertizasının mənfi rəyi varsa, bu, ümumilikdə sahədə pozuntuların miqyasının böyük olduğunu göstərir. Buna görə də, tikinti sektorunda insan hüquqlarının müdafiəsini təmin etmək üçün ‘Tikinti Ombudsmanı’ institutunun yaradılması zəruridir" , - deyə qanunvericilik təklifində qeyd olunub.