İnfrastruktur naziri Marneuli sakinlərindən üzr istəyir
16.05.2025 15:17
2071
Siyasət
A
İnfrastruktur naziri Marneuli sakinlərindən üzr istəyir

İnfrastruktur naziri Revaz Soxadze Marneuli şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə tanış olub.

Aktual.ge xəbər verir ki, nazir Marneulidə su təchizatı və kanalizasiya sisteminin qurulması işləri bir neçə ildir ki, davam edir və müəyyən qədər podratçının səhlənkarlığı səbəbilə ləngidiyini ifadə edib.

“Marneulidə su təchizatı və kanalizasiya sisteminin qurulması işləri, təəssüf ki, problemlidir. Artıq bir neçə ildir ki, davam edir və düşünürəm ki, müəyyən qədər podratçının səhlənkarlığı səbəbindən belə olub. Biz podratçıya problemi aradan qaldırmaq üçün konkret vaxt verdik və bu müddət ərzində tərəfimizdən gündəlik nəzarət həyata keçiriləcək. Marneuli sakinlərindən yaranmış narahatlığa görə bir daha üzr istəyirəm. Layihənin mümkün qədər qısa müddətdə başa çatdırılması üçün əlimizdən gələni edəcəyik”, - deyə infrastruktur naziri Revaz Soxadze Marneulidə su təchizatı və kanalizasiya layihəsinə baxışdan sonra bildirib.

Nazir həmçinin qeyd edib ki, bu gündən etibarən işlərin müddəti ilə bağlı konkret cədvəl hazırlanacaq və bu barədə əhaliyə əlavə məlumat veriləcək.

Məlumatı İnfrastruktur Nazirliyi yayıb.

Xatırladaq ki, 15 may tarixində İnfrastruktur naziri Revaz Soxadze və yeni təyin olunmuş Kvemo Kartli qubernatoru Levan Xarabadze Marneulidə olublar. Dövlət nümayəndələri davam edən infrastruktur işləri ilə tanış olublar, o cümlədən su təchizatı və kanalizasiya sistemi iş prosesinə baş çəkiblər. Aktual.ge xəbər portalına etibarlı mənbə məlumat verib ki, dövlət rəsmiləri Marneulidən narazı şəkildə geri qayıdıblar.

ŞƏRH YAZ
4