Marneulidə yeni yaşayış binasının sakinləri etiraz edir - VİDEO
07.06.2025 01:25
1442
Hadisə
A
Marneulidə yeni yaşayış binasının sakinləri etiraz edir - VİDEO

Marneuli şəhərinin 26 May küçəsində yerləşən yaşayış binasi istifadəyə verilməsindən iki il keçməsinə baxmayaraq, hələ də ciddi yaşayış problemləri yaşanır.

Sakinlərin sözlərinə görə, bina istifadəyə verilsə də, işlər tamamlanmayıb. Ən ciddi problem – elektrik enerjisidir. Mənzillərə fərdi sayğaclar quraşdırılmayıb, bu səbəbdən ailələr elektrik haqqını ümumi şəkildə toplayıb ödəmək məcburiyyətində qalır. Elektrik xətlərindəki tez-tez baş verən nasazlıqlar isə suyun verilməsində fasilələrə yol açır, üstəlik binadaki təhlükəsizlik kameralarının işləməməsinə səbəb olur.

Bina daxilində də vəziyyət ürəkaçan deyil. Pilləkənlərə çəkilən kafellər artıq sınıb, hərəkət üçün təhlükə yaradır.

Sakinlər bildirir ki, dəfələrlə təmir işlərinin tamamlanacağı vəd edilsə də, bu vədlər yerinə yetirilməyib. Həyətə zibil qutusu qoyulmadığından tullantılar birbaşa binanın ətrafına atılır. Zirzəmidə su yığılır, dam örtüyü isə yağışlı havalarda binanın dəhlizlərinə su sızmasına səbəb olur. Əraziyə səpələnmiş ölü quşlar və digər xəşaratlar isə sanitar baxımdan ciddi narahatlıq doğurur.

Sakinlər bildirirlər ki, problemi dəfələrlə binanın sahibinə çatdırıblar, lakin heç bir tədbir görülməyib. 

Məsələ ilə bağlı binanın sahibi – “VİA” şirkətinin direktoru Vüqar Məmmədovla əlaqə saxlamağa çalışdıq. Lakin o, suallarımıza cavab verməkdən yayındı və kobud şəkildə bildirdi ki, bu məsələ bizi maraqlandırmamalıdır.

Daha ətraflı Salo Salahlının hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
5