
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili deyib ki, mövcud şəraitdə keçirilən seçkilərdə iştirak edən hər kəs Rusiya və oliqarxik diktaturanın maraqlarına xidmət etmiş olur.
Aktual.ge xəbər verir ki, o, bu fikirləri bugünkü məhkəmə prosesinə onlayn qoşularkən bildirib.
“Rejimlə əməkdaşlığa və onun legitimliyini tanıtmağa yönəlmiş düşüncəyə – yəni guya seçkilərdə iştirak etməklə nəyəsə nail olacağıq fikrinə – inanan hər kəsə səslənirəm: keçmiş prezident, parlament və ötənilki seçkilərdən dərs çıxarmadınızmı? Nə qədər eyni suya yenidən girməyə çalışmaq olar? Bu rejim heç vaxt azad və ədalətli seçki keçirməyəcək,” – deyə Saakaşvili bildirib.
O əlavə edib ki, Gürcüstanda hakimiyyət banditlər və fırıldaqçılardan ibarət diktatura qurmağa çalışır.
“Küçələrdə baş verən zorakılıq və terror – bu, bandit diktaturasının əlamətidir və bu rejim uzunömürlü olmayacaq. Yeganə çıxış yolu – birləşmək, güclü olmaq və hücuma keçməkdir. Yenidən və bir daha hücum! Hamımız birlikdə deməliyik: ‘Qorxmuram və susmayacağam!’” – deyə Saakaşvili vurğulayıb.