
Baş nazir İrakli Kobaxidze ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Tamar Taliaşvilinin namizədliyini Mixeil Kavelaşviliyə təqdim edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Tamar Taliaşvilinin diplomatik xidmət, dövlət sektoru və akademik sahədə uzunillik təcrübəsi var. O, 2022-ci ildən bu günə qədər Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi vəzifəsini icra edirdi. Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının Media və İnformasiya Cəmiyyəti Alt Komitəsinin sədri və 2018–2020-ci illərdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti olub.
Taliaşvili həmçinin Gürcüstan Parlamentində Gənclər və İdman Komitəsinin sədr müavini, Təhsil və Elm Komitəsinin sədr müavini və birinci müavini vəzifələrini tutub. O, Tbilisi Bələdiyyə Məclisində Təhsil və Mədəniyyət Komissiyasına rəhbərlik edib və Gürcüstan Yerli Özünüidarəetmə Milli Assosiasiyasının vitse-prezidenti olub. Ona fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.