Marneulidə “Novella” filminin gürcü dilindəki versiyası geniş auditoriyaya təqdim edilib – FOTO
15.06.2025 15:22
632
Mədəniyyət
A
Marneulidə “Novella” filminin gürcü dilindəki versiyası geniş auditoriyaya təqdim edilib – FOTO

Marneulidə yerləşən Mədəniyyət Evində “Aktual Media” tərəfindən ərsəyə gətirilmiş “Novella” bədii-sənədli filminin gürcü dilindəki versiyasının təqdimat mərasimi baş tutub.

Aktual.ge xəbər verir ki, tədbirdə Marneulidəki gürcü dilli məktəblərin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri, iş adamları, Marneuli Bələdiyyə Məclisinin üzvləri və Diplomatik təmsilçiliyin nümayəndələri iştirak edib.

Natela Əlləzovanın aparıcılığında tədbirin ev sahibi, “Aktual Media”nın təsisçisi və Aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək bildirib ki, "Novella" bədii-sənədli filmi Gürcüstan azərbaycanlılarına qarşı yönəlmiş bir sıra steriotiplərə qarşı ərsəyə gətirilib.

"Məhz bu səbəbdən ‘Aktual Media’ komandası gənclərimizin uğurlarını geniş ictimaiyyətə tanıtmaq məqsədilə bu filmi ərsəyə gətirdi. Əsas məqsəd stereotipləri dağıtmaq və azərbaycanlıların Gürcüstanda müxtəlif sahələrdə qazandıqları uğurları nümayiş etdirməkdir. Film həm Azərbaycan, həm də gürcü dillərində ərsəyə gətirilib. Gürcü dilində olan versiya nə dublajla, nə də subtitrlə ərsəyə gətirilməyib  – bu, tamamilə orijinal çəkilmiş versiyadır. Filmi hər iki dildə özümüz lentə almışıq. Göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirik", – qeyd edən İlkin Hüseynov Gürcüstandakı azərbaycanlılar haqqında bu cür sənədli film ilk dəfə "Aktual Media" tərəfindən ərsəyə gətirildiyini bildirib.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin diplomatı Cavid Məhərrəmov çıxışında istedadlı azərbaycanlı gənclərin tanıdılmasının və onların bu cür nüfuzlu layihələrdə yer almasının vacibliyini vurğulayıb.

"Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoşagəlməz stereotiplərin formalaşmasının qarşısını almaq üçün bu kimi layihələrin həyata keçirilməsi son dərəcə önəmlidir. Bu təşəbbüsə görə 'Aktual Media' komandasına təşəkkür edir və onlara uğurlar arzulayırıq", – deyə Cavid Məhərrəmov bildirib.

Qeyd edək ki, filmin təqdimatı APEX Developmentin sponsorluğu ilə gerçəkləşib.


"Novella" bədii-sənədli filmi nədir?

"Novella" filmində ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın - Hüquqşünas, vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur.

Film Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin müsahibəsi ilə başlayır. O, öz çıxışında azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında iştirakını yüksək qiymətləndirib:

“Azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə özlərinə iş tapa bilirlər. Artıq ikili təhsil proqramı başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək. Azərbaycanlılar təkcə kənd təsərrüfatında deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və texnologiya kimi sahələrdə də fəal iştirak edirlər. Bu, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir və müxtəlif sahələrdə uğurlu layihələrin reallaşmasına töhfə verir”.

Daha sonra sıralaması ilə - Kardioloq Linda Mustafayeva, stomatoloq Mamed Muradov, vəkil Edda Qocayeva, rəssam Emilya Hüseynova, pianist/müğənni Şaban Məmmədov və müəllim Samirə İsmayılovanın həyat hekayəsini və uğurlarını əks etdirən müsahibələri ilə yekunlaşıb. 

Foto: Zamiq Xudayev / Telman Süleymanov

ŞƏRH YAZ
9