DTX keçmiş nazir müavinini SAXLAYIB
21.06.2025 12:39
4172
Kriminal
A
DTX keçmiş nazir müavinini SAXLAYIB

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikautadzeni saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə DTX-də keçirilən brifinqdə bildirilib. 

“Vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari həcmində qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktlarına dair məhkəmə qərarı əsasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin sabiq müavini R.M. saxlanılıb” , - Qurumun izahında qeyd olunub.

"DTX-nin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində məlum olub ki, R.M. dövlət vəzifəsində olarkən öz təsir imkanlarını, tanışlıq əlaqələrini və təcrübəsini şəxsi maraqları naminə enerji sektorunda müxtəlif şəxslərə qeyri-qanuni üstünlüklər yaratmaq üçün istifadə edib. Bu şəxslərə göstərdiyi qanunsuz kömək müqabilində o, onlardan elektrik stansiyalarında (HES-lərdə) pay alıb, həmin payların rəsmi sahibləri isə onun etibar etdiyi şəxslər olub. Əslində isə həmin səhmlərin sahibi özü olub. Bu qanunsuz fəaliyyət nəticəsində R.M. xüsusilə böyük məbləğdə gəlir əldə edib.

Bundan əlavə, R.M. İqtisadiyyat Nazirliyində yüksək vəzifədə çalışdığı müddətdə, ictimai maraqlara zidd olaraq, şəxsi və ya başqalarının xeyrinə üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən sistemli şəkildə sui-istifadə edib və bu, dövlətin qanuni maraqlarına ciddi zərər vurub. O, şəxsi qazanc məqsədilə öz vəzifəsindən və əlaqələrindən istifadə edərək müxtəlif şəxsləri dövlət və ya özəl təşkilatlarda (bəzən formal olaraq) işə düzəldib və bu yolla maddi və əmlak gəliri əldə edib.

Aparılmış istintaq nəticəsində müəyyən olunub ki, R.M.-nin ailəsinin əmlak vəziyyəti onun yüksək vəzifələrə təyin olunmasından sonra milyonlarla lari artıb. Güman edilir ki, o, çoxlu sayda qanunsuz və bəyan edilməmiş gəlirlər əldə edib və bu gəlirlər rəsmi sənədlərdə, o cümlədən əmlak bəyannamələrində əks olunmayıb. Bu gəlirlərin qanunsuz və qeyri-mənbəli mənşəyini gizlətmək və ört-basdır etmək üçün R.M. əmlakları digər şəxslərin adına rəsmiləşdirib, böyük məbləğdə nağd pulları müxtəlif şəxslər vasitəsilə özünün və ailə üzvlərinin bank hesablarına yerləşdirib, qeyri-əsl daşınmaz əmlak alqı-satqı müqavilələri bağlayıb, müqavilələrdə əmlakın dəyərini süni şəkildə artırıb və ya azaldıb və müxtəlif maliyyə əməliyyatları həyata keçirib.

Məsələn, müəyyən olunub ki, o, İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən bir mənzili qanunsuz və əsassız gəlirlə 600 min avroya alıb. Bu məbləğin qeyri-qanuni mənşəyini gizlətmək üçün R.M. həmin əmlakı ailə üzvünün adına rəsmiləşdirərək saxta alqı-satqı müqaviləsi bağlayıb və bu yolla pulu 'qanuni' göstərməyə çalışıb. Həmçinin, o, mənşəyi şübhəli olan və dəyəri bir milyon lariyə qədər olan iki avtomobili özünün və ailə üzvünün etibar etdiyi şəxslərin adına rəsmiləşdirib.

İndiyədək aparılmış istintaqla müəyyən olunub ki, R.M. bu üsullarla və cinayət əlaqəsində olduğu şəxslərin köməyi ilə bir neçə milyon lari həcmində qanunsuz və əsassız gəliri leqallaşdırıb.

İstintaq davam edir və proses zamanı R.M.-nin qanunsuz gəlirləri necə əldə etdiyi və həmin gəlirlərin necə leqallaşdırıldığı dəqiqləşdiriləcək.

Bu cinayət əməllərlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi və 332-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddələr 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", – deyə DTX-dən bildirilib.

Məlumat üçün bildirək ki, Romeo Mikautadze 2021-ci ildən etibarən İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini vəzifəsini, 2022-ci il 30 dekabrdan isə birinci müavin vəzifəsində çalışıb. O, bu vəzifəni 2024-cü il 11 fevral tarixinədək icra edib.

ŞƏRH YAZ
6