
Bu gün səhər saatlarında Lagodexi rayonunun Vaşlovani küçəsində 57 yaşlı kişi qətlə yetirilib.
Aktual.ge xəbər verir ki, qanlı hadisəni DİN təsdiqləyib.
Nazirliyin açıqlamasına görə, qətl hadisəsinin üstü "isti izlərlə" açılıb və bir nəfər saxlanılıb.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.B. qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Cinayət əməli 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Lagodexidə baş vermiş mübahisə zamanı 1968-ci il təvəllüdlü R.S.-ni soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. Yaralı kişi klinikaya çatdırıldıqdan qısa müddət sonra dünyasını dəyişib.
Polis G.B.-ni isti izlərlə saxlayıb və ona qarşı təqsirləndirilən şəxs qismində cinayət işi açılıb. Hüquq-mühafizə orqanları hadisənin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüblər.
Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır” , – deyə rəsmi məlumatda bildirilir.