SON DƏQİQƏ! Daha bir müxalif lider həbs olundu
24.06.2025 13:10
15547
Siyasət
A
SON DƏQİQƏ! Daha bir müxalif lider həbs olundu

Müxalif “Strateqiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze məhkəmə tərəfindən Parlamentin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirmədiyinə görə təqsirli bilinib.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində hakim Nino Qalustaşvilinin qərarı ilə Giorgi Vaşadzeyə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Eyni zamanda, ona 2 il müddətinə vəzifə tutmaq qadağan edilib.

Giorgi Vaşadze hökmün elanında iştirak etməyib. Onun vəkilinin hökmün elanını təqsirləndirilən şəxsin son sözü mərhələsinə qədər təxirə salmaqla bağlı vəsatətinə baxmayaraq, hakim hökmü elan edib.

Müxalif lider partiya yoldaşları ilə birlikdə hökmü partiyanın ofisində gözləyib.

Məlumat üçün bildirək ki, Giorgi Vaşadze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılmışdı, lakin o, getməyib. Bu faktla bağlı ona Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələblərinin yerinə yetirilməməsi”ni nəzərdə tutur və bu əməllər ya cərimə, ya da bir ilədək azadlıqdan məhrumetmə və üç ilədək vəzifə tutma və ya fəaliyyət hüququndan məhrumetmə ilə cəzalandırılır.

Giorgi Vaşadzeyə qətimkan tədbiri olaraq 50 min lari məbləğində girov müəyyən edilib və o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəyib.

Xatırladaq ki, eyni ittihamla ötən gün də müxalif "Lelo" partiyasının qurucları Mamuka Xazaradze və Badri Caparidze həbs olunub. Bundan öncə isə sabiq müdafiə naziri İrakli Okruaşvili və müxalif "Dəyişiklik üçün Koalisiya"nın liderləri Zurab Qirçi Caparidze, Nika Melia və Nika Qvaramia həbs olunub.

ŞƏRH YAZ
14