İran ilə İsrail arasındakı atəşkəs müəmması davam edərkən Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami diqqətçəkən “nüvə” açıqlaması verib.
Aktual.ge IRNA-ya istinadla xəbər verir ki, kameralar qarşısına keçərək açıqlama verən Məhəmməd İslami nüvə fəaliyyətləri prosesində hər hansı bir nasazlığın baş verməməsi üçün planlama apardıqlarını bildirib.
Zəruri hazırlıqları gördüklərini bildirən təşkilat sədri, hazırda zərərin qiymətləndirilməsi işlərinin aparıldığını qeyd edib.
"Təmir işlərinə dair hazırlıqların əvvəlcədən nəzərdə tutulub. Planımız istehsal və xidmət prosesində hər hansı bir fasilənin baş verməsinin qarşısını almaqdır" , - deyə Məhəmməd İslami qeyd edib.
İranın dini lideri Ayətullah Seyid Əli Xameneinin baş müşaviri Əli Şamxani də verdiyi açıqlamada belə deyib:
"Nüvə obyektləri məhv edilsə belə, oyun bitməz. Zənginləşdirilmiş materiallar, yerli bilik və siyasi iradə qalıcıdır".
Məlumat üçün bilirək ki, elmə əsasən, nüvə silahı istehsalı üçün uranın 90 faiz dərəcəsində zənginləşdirilməsi tələb olunur. İranın 60 faizlik zənginləşdirmə səviyyəsi nüvə silahı istehsalı üçün kifayət etməsə də, təkcə enerji istehsalı baxımından çox yüksək bir göstərici sayılır. İsrail 13 iyun tarixində başladığı hücumlarda İranın nüvə və hərbi obyektlərini hədəfə almış, ABŞ isə dağ içində yerləşən Fordo obyekti ilə Natanz obyektinə şənbə günü bunker bombaları ilə hücum etmişdi. Beynəlxalq Atom Enerjisi Agentliyi obyektlərdə ciddi ziyan olduğunu ehtimal etdiklərini açıqlamışdı. İran isə nüvə obyektlərinə edilən hücumlardan əvvəl zənginləşdirilmiş uran və sentrifuqa qurğularının həmin obyektlərdən çıxarıldığını bildirmişdi.