
Laqodexi bələdiyyəsinin Qabal kəndində silahlı insident baş verib. Qorxunc hadisə kənd bazarının ərazisində qeydə alınıb.
Odlu silahla qətlə yetirilən şəxs həmin ərazidə fəaliyyət göstərən ət mağazasının sahibi Fəzahir Əmrahov olub.
Naməlum şəxslər avtomobillə yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçaraq izini itirib.
Qanlı olayın anbaan görüntüləri ətraf ərazidə quraşdırılmış təhlükəsizlik kameralarında əks olunub.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsindən dərhal sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin bu mərhələdə təfərrüatları məlum deyil, nə də Daxili İşlər Nazirliyi öz açıqlamasında detallar barədə məlumat verməyib, lakin 2 nəfərin saxlanıldığını bildirib. İddialara görə, Fəzahir Əmrahov uzun müddətdir ki, hədələnirmiş və ondan hərac tələb olunurmuş.
Rəsmi açıqlamada qeyd olunur ki, polis 1998-ci il təvəllüdlü G.O. və 1994-cü il təvəllüdlü E.İ.-ni qəsdən adam öldürməkdə şübhəli bilərək saxlayıb.
Daxili İşlər Nazirliyi istintaqın Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi, yəni qəsdən adam öldürmə faktı üzrə davam etdiyini bildirib.
Daha ətraflı Salo Salahlının hazırladığı süjeti təqdim edirik: