Rəsmi Bakı Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması barədə araşdırmaya başlayıb
02.07.2025 11:32
383
Dünya
A
Rəsmi Bakı Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması barədə araşdırmaya başlayıb

"AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Müdafiə Nazirliyi tərəfindən vurulması ilə bağlı yayılan məlumatlar araşdırılır".

Aktual.ge xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunda keçirilən mətbuat konfransında İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, bununla bağlı informasiya yoxlanılır:

"Ümumiyyətlə, hər hansısa bir hadisə ilə bağlı mediada yayılan məlumat yoxlanılır, məlumat istintaqa təqdim edilir. Həmçinin bu məlumatların hansı mənbədən və hansı əsasla da yayıldığı araşdırılır. Sözügedən hadisə ilə bağlı yayılan iddia da eyni qayda üzrə yoxlanılır".

Qeyd edək ki, ötən gün rusiyalı hava hücumundan müdafiə bölməsinin kapitanı Paladıçuk Dmitri Sergeyeviçin səsyazısı yayılıb. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirib.

Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan Azərbaycana məxsus AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

ŞƏRH YAZ
1