
Seçki Kollegiyası tərəfindən Prezident seçilmiş Mixeil Kavelaşvili məhkum olunmuş siyasətçilərə təklif edib ki, əfv olunmaları ilə bağlı müraciət etsinlər və yerli seçkilərdə iştirak etmək istəklərini təsdiqləsinlər. O, belə bir müraciət daxil olduğu təqdirdə dərhal əfv aktını imzalayacağını bildirib.
Aktual.ge xəbər verir ki, o, sosial şəbəkə səhifəsində belə qeyd edib.
"Tam olaraq üç aydan sonra, 2025-ci il oktyabrın 4-də, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Bu seçkilərdə ölkə əhalisi 64 bələdiyyənin meri və bələdiyyə məclislərinin üzvlərini seçməlidir. Vacibdir ki, Gürcüstan qanunvericiliyinə uyğun şəkildə qeydiyyatdan keçmiş və seçkilərdə iştirak etmək istəyini bildirən bütün siyasi partiyalar bu seçkilərdə tam iştirak etsinlər. Həmçinin bütün siyasi partiyaların tam şəkildə seçki kampaniyası apara bilməsi də olduqca önəmlidir.
İctimaiyyətə məlum olduğu kimi, bir neçə siyasi partiyanın konkret liderləri hazırda Gürcüstan qanunvericiliyinə uyğun olaraq azadlıqdan məhrumetmə cəzası çəkirlər. Bu vəziyyəti nəzərə alaraq, müvafiq məhkum olunmuş siyasətçilərə təklif edirəm ki, mənə əfv olunmaları barədə ərizə ilə müraciət etsinlər və eyni zamanda həmin ərizədə seçkilərdə iştirak etmək istəklərini də təsdiq etsinlər. Belə bir müraciət daxil olan kimi, dərhal müvafiq əfv aktını imzalayacağam", – deyə o, "Facebook"da yazıb.