
“Lelo – Güclü Gürcüstan” bələdiyyə seçkilərində iştirak edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə sözügedən partiyanın mərkəzi qərargahında keçirilən xüsusi brifinqdə "Lelo – Güclü Gürcüstan"ın Baş katibi İrakli Kupradze bildirib.
“Biz rus rejiminə qarşı mübarizənin daha bir əsas cəbhəsinə daxil oluruq” - deyən İrakli Kupradze əlavə edib:
“Bu gün ‘Güclü Gürcüstan’ koalisiyası öz bəyanatını verir. Bu gün koalisiya rəsmi şəkildə və açıq-aşkar olaraq Gürcüstanın hər bir vətəndaşı, hər bir insanın hüquqları, hər bir gəncin gələcəyi və hər bir yaşlının rifahı uğrunda mübarizəyə başlayır. Biz diktaturaya, rus rejiminə qarşı daha bir əsas cəbhədə mübarizəyə daxil oluruq. Buradan Qərbyönümlü müxalifətə müraciət edirəm – bizim bir məqsədimiz var: rus rejiminə son qoymaq. Biz bütün müxalifət partiyalarının seçiminə hörmətlə yanaşırıq, lakin biz mübarizəyə əlavə bir cəbhədə qoşulmağı seçirik. Ən önəmlisi isə budur: avropapərəst müxalifət partiyalarının ortaq məqsədi rejimi məğlub etməkdir. Gördüyünüz kimi, biz fərqli strategiya seçmişik. Tam iştirak və əməkdaşlığa hazırıq – necə ki, indiyə qədər də olmuşuq – total şəkildə və bütün resurslarımızla etirazlara və küçə aksiyalarına qoşulmağa hazırıq. Bizim tərəfimizdən bu mübarizə və etiraz daha da gücləndiriləcək.
Eyni zamanda Qərbyönlü müxalifətə təklif edirik: mübarizəmizdə bir-birimizi gücləndirək. Birlik üçün və koalisiya əməkdaşlığı üçün hazırıq. Bu seçkiləri sadəcə yerli seçkilər kimi təqdim etmək yalnışdır. 4 oktyabr de-fakto hakimiyyətə qarşı, de-fakto seçkilərdə mübarizə günüdür. Bu, Gürcüstanın hər bir vətəndaşı üçün fərdi bir proses və rejimə qarşı bir hökmdür. Rejimə qarşı mübarizə birlikdə qazanılmalıdır. Biz bu mübarizədə nə Tbilisidə, nə də regionlarda bir qarış belə azadlıqdan imtina etməyi düşünmürük. ‘Gürcü Arzusu’nun bizə qarşı edə biləcəyi fiziki zorakılığa və təzyiqlərə hazırıq. Repressiyalara, həbsə hazırıq. Hazırda iki siyasi liderimiz – Mamuka Xazaradze və Badri Caparidze – həbsdədir. Eyni zamanda Vepxia Kasradze və Vasil Kadzelaşvili də. Komandamızdan neçə nəfər siyasi məhbus olaraq həbs edilə bilər, fərq etməz – biz bu mübarizəni dayandırmayacağıq. Cavab açıqdır: bu insanlar ona görə həbsdədirlər ki, mübarizə aparıblar və geri çəkilmək istəməyiblər.
De-fakto hakimiyyətə qarşı, de-fakto seçkilərdə mübarizəni elan etmişik və ilk növbədə xalqın, sizin dəstəyinizə güvənirik. Mübarizə sona qədər davam edəcək və birliyimiz olarsa, bu mübarizə qələbə ilə başa çatacaq”.