
Marneuli şəhərində Məhərrəm ayının doqquzuncu gününə təsadüf edən “Tasua” münasibətilə genişmiqyaslı yürüş təşkil olunub. Yürüş karvanı Gürcüstan Əhlibeyt Cəmiyyətinin qarşısından başlayaraq mərsiyyə sədaları və “Ya Hüseyn, Ya Əbəlfəz, Ya Zeynəb” şüarları ilə Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidinə doğru hərəkət edib.
Təxminən 4 kilometr məsafəni əhatə edən yürüş Marneulidə fəaliyyət göstərən dini qurumlar və Mərkəzi Məscidin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə imam-cümələr, məscid axundları, Marneuli Bələdiyyə Məclisinin üzvləri, ictimaiyyət nümayəndələri və müxtəlif məscidlərin axundları ilə yanaşı, minlərlə inanclı insan iştirak edib. Bu il ki, yürüşdə isə qadınların çoxluqla iştirakı diqqət çəkib. Üstəlik, bu ilki "Tasua" yürüşündə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq, təhlükəsizliyi təmin edib.
Yürüş zamanı Qəzzada davam edən müharibəyə etiraz əlaməti olaraq karvanın önündəki əsas nəqliyyat vasitəsinə Fələstin bayrağı asılıb.
İmam Əli (ə.s) Məscidinin qarşısında başa çatan yürüşdən sonra məscidin axundu, imam-cümə Hacı Hacıyev çıxış edərək “Tasua” gününün əhəmiyyəti və Kərbəla hadisələri barədə danışıb. O, həmçinin bu yürüşlərin fəzilət və faydalarına toxunub. Xütbənin ardından Məhərrəm ayının ruhuna uyğun olaraq dini şüarlar səsləndirilib.
Qeyd edək ki, bu il keçirilən “Tasua” yürüşü Marneulidə ardıcıl olaraq 27-cidir. Xatırladaq ki, dünən, 4 iyul tarixində isə Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində ənənəvi olaraq "Tasua" yürüşü keçirilib.
Məlumat üçün bildirək ki, “Tasua” günü hicri-qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının doqquzuncu gününə təsadüf edir. Həmin gün İraqın Kərbəla çölündə İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Səədin qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün Kərbəla faciəsinin qəhrəmanı İmam Hüseyn (ə) və tərəfdarlarının üzünə su yolları bağlanıb.