"Silknet Group"un təsisçisi, tanınmış iş adamı Giorgi Ramişvili 70 min lari girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb.
Aktual.ge xəbər verir ki, ona girovu ödəmək üçün 30 gün müddət təyin edildi. Prokurorluq isə həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
“Qəti şəkildə qeyd etmək istəyirəm ki, bu istənilən adamın başına gələ bilərdi. Əgər bilsəydim, heç çemodanı da götürməzdim. Fərqinə varmadım, balaca bir silah idi. Bu, bir səhv idi və əksinə, istintaqla əməkdaşlıq etdim.
Bununla fəxr etmirəm, lakin belə növ səhvlər elə səviyyəyə qaldırılmamalıdır ki, bu artıq silah gəzdirmək kimi qiymətləndirilsin və 4 ildən 7 ilə qədər cəza ilə təhdid olunsun. Çox peşmanam, çox pis bir hadisə idi və bu, mənim üçün gələcəkdə böyük bir dərs olacaq”, – deyə Giorgi Ramişvili bildirib.
Prokuror Tornike Maxatadze isə Məhkəmənin qərarından qanunla müəyyən edilmiş qaydada Apellyasiya Məhkəməsinə şikayət veriləcəyini bildirib.
Xatırladaq ki, Giorgi Ramişvili dünən saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, biznesmenin əl yükü skan edilərkən hava limanında onun üzərində odlu silah aşkarlanıb. Qurumun məlumatında deyilir ki, həmin silah Giorgi Ramişvilidə qeydiyyatda olsa da, onun daşımaq hüququ olmayıb.