Ğvarelidə iki nəfər bıçaqlanıb.
Aktual.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralananlardan biri Kaxeti Polis Departamentinin detektivlər idarəsinin əməkdaşıdır. Nazirliyin verdiyi məlumata əsasən, o, hadisə zamanı münaqişənin qarşısını almağa çalışıb.
Məlumata görə, hadisə ilə bağlı 1999-cu il təvəllüdlü şəxs saxlanılıb. Faktla bağlı araşdırma iki nəfərə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə (Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi) aparılır. Bu cinayətə görə 13 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
“Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1999-cu il təvəllüdlü N.R. iki nəfərə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaqla müəyyən olunub ki, Ğvarelidə baş vermiş münaqişə zamanı, qarşıdurma şəxsi mübahisə zəminində yaranıb və bu zaman şübhəli şəxs – 1999-cu il təvəllüdlü N.R., 1984-cü il təvəllüdlü R.M.-yə soyuq silahla (bıçaqla) bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Hadisəyə şahidlik edən və vəziyyəti sakitləşdirməyə çalışan Kaxeti Polis Departamentinin detektivlər idarəsinin əməkdaşı – 1983-cü il təvəllüdlü E.M. də şübhəli tərəfindən bıçaqla yaralanıb.
Yaralı şəxslər xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. Polis hadisə zamanı istifadə edilən cinayət alətini – bıçağı maddi sübut kimi götürüb” – deyə Daxili İşlər Nazirliyi bəyan edib.