Acara Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze müalicə üçün Türkiyəyə aparılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Birinci Universitet Klinikasının klinik direktoru Lali Turdzeladze məlumat verib.
Onun sözlərinə görə, Rijvadzenin Türkiyədə müalicə olunması ailəsinin istəyi əsasında həyata keçirilib.
Xatırladaq ki, 7 iyulda Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Tornike Rijvadze Saqareco şəhərində yerləşən “Geohospitals” klinikasına sinə nahiyəsindən aldığı odlu silah yarası ilə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Birinci Universitet Klinikasına köçürülüb.
Hadisə ilə bağlı başlanmış cinayət işi çərçivəsində, odlu silahın səhlənkar saxlanılması ittihamı ilə Aleksi Axvlediani təqsirləndirilən şəxs qismində saxlanılıb. Məhkəmə onun üçün 30 000 lari məbləğində girov müəyyən edərək məhkəmə zalından azadlığa buraxıb.