Qardabani bələdiyyəsinin Nəzərli kənd ictimai məktəbində Mustafa Sədioğlunun ikinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabının təqdimatı keçirilib.
Aktual.ge xəbər verir ki, kitabda Azərbaycan xalqının torpaqlarının işğaldan azad olunması istiqamətindəki birgə mübarizəsindən, qəhrəman oğul və qızların şücaətindən, şəhidlərin qanı, canı bahasına əldə olunan qələbədə Gürcüstandan olan azərbaycanlıların rolundan bəhs olunur.
Kitabda əslən Qardabani rayonunun Nəzərli kəndindən olan BakuTV-nin əməkdaşı Yelmar Məmmədlinin Şuşanın azad edilməsindəki qəhrəmanlığı xüsusi qeyd olunub.
Çıxış edənlər “İstiqamət Şuşadır” adlı yeni nəşrin gənclərin vətənpərvər ruhda böyümələrinə böyük töhfə verəcəyinə əminlik ifadə ediblər.
Müəllif M.Sədioğlu deyib ki, Y.Məmmədlinin qəhrəmanlığı haqqında yazdıqları onun döyüş yoldaşlarından aldığı müsahibələrə əsaslanıb. Döyüş yoldaşları jurnalistikadan birbaşa döyüşə atılan Y.Məmmədlinin əsl vətənpərvər və qəhrəman olduğunu xüsusi qeyd ediblər.
Bildirilib ki, onun qəhrəmanlığı Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib və o, bir neçə medalla təltif olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də Azərbaycandan gəlmiş qonaqlar iştirak ediblər.
