Hazırda həbsdə olan Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili həbsxanada döyülüb.
Aktual.ge xəbər verir ki, o, bu barədə açıq məktub ünvanlayıb.
Ona qarşı Qldani həbsxanasında fiziki zorakılıq törədildiyini söyləyən Giorgi Baçiaşvili hadisənin 11 iyun tarixndə baş verdiyini bildirib.
Onun sözlərinə görə, əvvəlcə, 8 iyulda, N8 cəzaçəkmə müəssisəsinin rəhbəri Davit Qoqoberişvili onu çağırıb və "Bidzina İvanişviliyə bütün bank hesablarını, kriptovalyuta dövriyyələrini və hesab ünvanlarını açmasını" tövsiyə edib. 11 iyul axşamı isə kamerasına tanımadığı bir şəxs daxil olaraq ona fiziki təzyiq göstərib.
"2025-ci il, 8 iyul tarixində, saat 21:00-da N8 saylı müəssisənin rəhbəri Davit Goqoberişvili məni çağırdı. O, mənimlə dostyana şəkildə tanış oldu və bir neçə dəfə mənə tövsiyə etdi ki, Bidzina İvanişvili üçün bütün bank hesablarımı, kriptovalyuta dövriyyələrini və hesabların ünvanlarını açıqlayım. Texniki baxımdan bunu necə həyata keçirə biləcəyimi soruşdu. Mən cavab verdim ki, bu şərtlərdə – mənim və ailəmin əmlakı ovlanarkən, özüm isə hüquqlarım pozularaq həbsdə saxlanıldığım halda – bu addımı məqsədəuyğun hesab etmirəm. Buna cavab olaraq Davit mənə dedi: 'Giorgi, sən elə vəziyyətdə deyilsən ki, şərt qoyasan. Bilirsən ki, həbsxanada hər cür adam oturur – ‘dəli’ də, az ‘dəli’ də'. Danışıq dostyana tonda idi və həmin an mən bunu təhdid kimi qəbul etmədim.
11 iyul tarixində, axşam saat 19:00-da, kameramın qapısı açıldı (son bir həftə ərzində orada tək qalırdım, təhlükəsizlik kameraları müşahidəsi altında – kameramda 2 video təhlükəsizlik kamerası var, işlədiyini bilirəm və 24 saat müşahidə edilirəm) və içəriyə mənə tanımadığım bir şəxs daxil oldu (uzun boylu, idman bədən quruluşlu, ağ köynək və cins şalvarda, idman ayaqqabılı). O, kim olduğunu mənə demədi, özünü təqdim etmədi. Sonradan mən ondan kim olduğunu soruşdum, buna isə aqressiv cavab verdi: 'Burda sualları ancaq mən verirəm'. Mən dedim ki, bu cür danışıla bilməz (anladım ki, bu şəxs təxribat məqsədi ilə buraya göndərilib). Bundan sonra o, söyüşlərlə və təhqirlərlə danışmağa başladı. Ondan söyüşü dayandırmasını xahiş etdim, lakin o, dərhal fiziki hücuma keçdi. Yumruqla məni vurdu, mənimlə güləşdi, çiynimdən dişlədi və qanadana qədər diş izləri qoydu. Münaqişə zamanı 5-ci 'E' blokunun gündəlik rəhbəri Arçil qapının kiçik pəncərəsini açdı və bu an döyüş dayandı. Lakin həmin şəxs Arçilə pəncərəni bağlamasını dedi, Arçil isə təəccüblü şəkildə dərhal əməl etdi və pəncərəni bağladı. Bundan sonra döyüş yenidən başladı. Kamerada bir şüşə çay stəkanı var idi (mənə aid deyildi, kamerada öncədən var idi, yəqin ki, başqa məhbusun idi), həmin stəkanı götürüb başıma çırpdı. Dizlərimin üstünə düşdüm və bir anlıq huşumu itirdim. Özümə gələndə həmin şəxs məni döyməyə davam edirdi və stəkanın qırıqlarını boğaz və üz nahiyəmə vurmağa çalışırdı. Sağ biləyimə zədə yetirdi, digər əli ilə isə sifətimə yumruq vururdu.
başımı divara çırpdı. Ondan sakitləşməsini və məni rahat buraxmasını xahiş etdim. Bir neçə dəqiqə sonra Arçil qapını açdı və həmin şəxsə kameradan çıxmasını istədi, birgə çıxdılar. Kamerada qan gölməçəsi var idi, divarlar da qanla ləkələnmişdi. Mən təcili olaraq həbsxana rəhbəri ilə görüş tələb etdim. Təxminən 10 dəqiqə sonra həbsxana rəhbəri gəldi və məni növbətçi cərrahın yanına apardı.
Həbsxana rəhbəri bildirdi ki, həmin şəxs məhkum idi (adını və soyadını demədi) və onun əmri ilə 'yaşayış məqsədi' ilə kamerama yerləşdirilmişdi və döyüş olacağını bilmirmiş. Lakin mənim üçün artıq hər şey aydın idi – bu, mənə edilmiş təhdidlərin həyata keçirilməsi idi" , - qeyd edən Giorgi Baçiaşvili hazırda "Vivamed" klinikasına köçürüldüyünü və orada müalicə aldığını bildirib.
Məlumat üçün bildirək ki, Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişviliyə məxsus olan 8 min 986 bitkoini mənimsəməkdə ittiham olunur. Bu ilin yanvar ayının 23-də Tbilisi Şəhər Məhkəməsindəki çıxışı zamanı prokuror Mixeil Sadradze deyib ki, bitkoinlərin dəyəri 2017-ci ildə təxminən 43 milyon ABŞ dollarına bərabər idi. Prokurorun sözlərinə əsasən, Baçiaşviliyə qarşı irəli sürülən ittihamlar sübutlarla təsdiqlənir və sübutların əksər hissəsi sənədlərdən ibarətdir.
Giorgi Baçiaşvili isə irəli sürülən ittihamları qəbul etmir. O, bu ilin martın ayının 4-də Gürcüstanı tərk etmişdi, bundan sonra məhkəmə onu "Bitcoin" işində 11 il həbs cəzasına məhkum etmişdi.
2025-ci il mayın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan anonim məlumat əsasında məlum olub ki, Qırmızı Körpü və Sadaxlı arasında yerləşən, “yaşıl sərhəd” adlanan ərazidə hərəkət edən şəxs — Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşlığı olan Giorgi Baçiaşvili — İnterpolun qırmızı bildirişi ilə axtarışda olan və məhkum edilmiş şəxsdir.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxs saxlanılıb.