Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları kompleks şəkildə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsi, odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, habelə odlu silah və döyüş sursatlarının qanunsuz saxlanılması və daşınmasında yardım etmə ittihamı ilə Türkiyə Respublikasının üç vətəndaşını saxlayıblar.
Aktual.ge xəbər verir ki, saxlanılan şəxslər bunlardır: 1999-cu il təvəllüdlü İ.J., 1980-ci il təvəllüdlü Ş.İ. və Türkiyə İnterpolu tərəfindən iki nəfərin qəsdən qətlinə görə qırmızı bülletenlə axtarışda olan, 2000-ci il təvəllüdlü G.İ.
İstintaqla müəyyən edilib ki, İ.J. və G.İ. Gürcüstan dövlət sərhədini sərhəd nəzarətindən yan keçməklə qanunsuz şəkildə keçiblər. Hüquq-mühafizə orqanları üç təqsirləndirilən şəxsi Tetritskaro bələdiyyəsində avtomobillə hərəkət edərkən saxlayıblar.
Polis tərəfindən saxlanılan şəxslərdən maddi sübut kimi odlu silah və 13 ədəd patron götürülüb.
Bildirilib ki, saxlanılan şəxsləri 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü, 25-236-cı və 236-cı maddələri ilə aparılır.