Prokurorluq Batumidəki qətllə bağlı yeni detalları açıqladı
21.07.2025 13:49
945
Kriminal
A
Prokurorluq Batumidəki qətllə bağlı yeni detalları açıqladı

Batumi şəhərində yerləşən “Grill” restoranında baş vermiş qətllə bağlı yeni detallar məlum olub.

Aktual.ge xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, 40 yaşlı kişinin qətli ilə bağlı saxlanılan şəxslər – xarici ölkə vətəndaşları Gürcüstan sərhədini qrup halında qanunsuz şəkildə keçiblər.

Bəyanatda qeyd olunub ki, saxlanılan şəxslər Türkiyə Respublikasından gizli şəkildə Gürcüstana daxil olublar. Açıqlamada təqsirləndirilən şəxslərin odlu silah və döyüş sursatını haradan əldə etdiklərinə dair məlumat verilmir.

İşin materiallarına əsasən, iyulun 18-də təqsirləndirilən şəxslərdən biri odlu silahdan Türkiyə Respublikasının iki vətəndaşına qarşı bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində zərərçəkənlərdən biri ölüb, digəri isə sağ qalıb.

Prokurorluğun məlumatına görə, ağırlaşdırıcı şəraitdə törədilən qətldə təqsirləndirilən şəxslə birlikdə hadisə yerində başqa bir nəfər də olub. O, xüsusilə ağır cinayətin törədildiyini bildiyi halda hüquq-mühafizə orqanlarına məlumat verməyib. Hətta istintaqın məlumatına görə, həmin şəxs cinayəti törədənlə birlikdə hadisə yerindən qaçıb.

"Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən olunub ki, Türkiyə vətəndaşları iyulun 18-də qrup şəklində Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçərək ölkəyə daxil olublar.

Həmin gün Batumidə yerləşən restoranda təqsirləndirilən şəxslərdən biri Türkiyə vətəndaşı olan iki şəxsə qarşı odlu silahdan dəfələrlə atəş açıb, sonra isə onu müşayiət edənlə birlikdə hadisə yerindən qaçıb. Atışma nəticəsində zərərçəkənlərdən biri ölüb, digəri isə sağ qalıb.

İstintaqla həmçinin müəyyən olunub ki, ikinci təqsirləndirilən şəxs cinayətin törədildiyi anda hadisə yerində olub və xüsusilə ağır cinayətin törədildiyini bildiyi halda hüquq-mühafizə orqanlarını məlumatlandırmayıb.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsləri cinayətin törədilməsindən dərhal sonra saxlayıblar. Təqsirləndirilən şəxslərdən birinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” bəndi (iki və ya daha çox şəxsə qarşı qəsdən adam öldürməyə cəhd), 236-cı maddənin üçüncü və dördüncü hissələri (odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması), 344-cü maddənin ikinci hissəsinin “a” bəndi (Gürcüstanın dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə cəza 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İkinci şəxsə isə 376-cı maddənin ikinci hissəsi (xüsusilə ağır cinayəti gizlətmə) və 344-cü maddənin ikinci hissəsinin “a” bəndi ilə (Gürcüstanın dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi) ittiham irəli sürülüb. Bu maddələr üzrə cəza 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, - qeyd olunub.

Bildirilib ki, Gürcüstan Prokurorluğu ağırlaşdırıcı şəraitdə törədilmiş qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması, xüsusilə ağır cinayətin gizlədilməsi və Gürcüstan dövlət sərhədinin qrup şəklində qanunsuz keçilməsi faktları üzrə təqsirləndirilən şəxslərə artıq rəsmi ittiham irəli sürüb.

Xatırladaq ki, 18 iyul günorta saatlarında Batumidə türk mafiya lideri Sedat Pekere yaxınlığı ilə bilinən Hakkı Tekin restoranda qətlə yetirilib.

ŞƏRH YAZ
0