Su altında qalan evlər, dağılan körpülər, tələf olan heyvanlar | Təbii fəlakət fəsadlara səbəb olub
23.07.2025 01:49
1191
Hadisə
A
Su altında qalan evlər, dağılan körpülər, tələf olan heyvanlar | Təbii fəlakət fəsadlara səbəb olub

Dünən gecə saatlarında yağan güclü yağış Gürcüstanın Lentexi, Tsageri, Adigeni və Çoxatauri bələdiyyələri, eləcə də Baxmaro kurort zonasında ciddi fəsadlara səbəb olub.

Lentexidə yağıntılar torpaq sürüşmələrinə yol açıb, nəticədə avtomobil yolları və körpülər zədələnib. Fəlakət zonasından turistlərdən ibarət bir qrup ərazini tərk edə bilməyib. Lakin qısa müddət ərzində xilasedicilər onların hamısını təhlükəsiz əraziyə təxliyə edib.

Ən böyük zərər Adigeni Bələdiyyəsində qeydə alınıb. Meriyanın məlumatına görə, bir neçə kənddə yaşayış evləri və mal-qara tövlələri su altında qalıb və zədələnib, heyvanlar tələf olub, yol infrastrukturu sıradan çıxıb, kənd təsərrüfatı sahələri isə tamamilə məhv olub. Zərər çəkmiş ailələr təhlükəsiz ərazilərə köçürülüblər. Hazırda ərazidə xüsusi texnika və bütün aidiyyəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması ilə məşğuldur.

Tsageri bələdiyyəsində, xüsusilə Laşiçala kurortuna gedən yolda çay daşaraq avtomobil körpüsünü zədələyib. Nəticədə kurorta hərəkət məhdudlaşıb və yolun bərpası istiqamətində işlər davam edir.

Baxmaroda isə yağan güclü yağış çayın məcrasından çıxmasına səbəb olub. Daşan çay Baxmaro kurort zonasına gedən mərkəzi yolda fəsadlara yaradıb, hazırda nəqliyyat vasitələrinin hərəkəti çətinləşdirib.

Çoxatauri Bələdiyyəsinin Zot kəndində güclü yağış nəticəsində yaranan torpaq sürüşməsi 8 ailənin kəndə giriş-çıxış yolunu bağlayıb.

Hazırda kənddə hərəkət məhdudlaşdırılıb. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.

ŞƏRH YAZ
9