Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, məhkəmə qərarı əsasında Gürcüstanın keçmiş müdafiə nazirinin müavini G.X., eyni nazirliyin Satınalmalar Departamentinin keçmiş rəhbəri V.Ğ. və həmin dövrdə müdafiə nazirinin yaxın qohumu V.M. saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze Suxumi şəhərində keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, iş Gürcüstan Müdafiə Nazirliyinə məxsus külli miqdarda vəsaitin 2023-cü ildə əvvəlcədən razılaşdırılmış qrup tərəfindən vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz mənimsənilməsi faktına aiddir.
Deyib ki, aparılmış istintaq nəticəsində müəyyən edilib ki, cinayətkar qrup bir plan hazırlayıb və həyata keçirib. Həmin plana əsasən, Gürcüstan dövlət büdcəsindən 1 milyon 333 min 728 lari mənimsənilib.
“Cinayətkar qrupun üzvləri, onların bir hissəsi Satınalmalar Komissiyasının sədri və sədr müavini vəzifələrini də tuturdular, tibbi avadanlıqların satın alınması prosesini bazar araşdırması demək olar ki, aparılmadan həyata keçiriblər. Eyni zamanda, onlar satınalma prosedurlarında yalnız V.M.-lə yaxın əlaqəsi olan qarşılıqlı bağlı müəssisələrin iştirakını təmin ediblər. Bundan əlavə, satınalma prosesi elə təşkil olunub ki, müvafiq özəl şirkətlər vasitəsilə aparılan formal müqavilələr və eyni gündə tərtib olunmuş saxta vergi sənədləri vasitəsilə tibbi avadanlıq bir neçə dəfə satılaraq onun qiyməti süni şəkildə artırılıb.
Nəticədə, Gürcüstan Müdafiə Nazirliyi bu tibbi avadanlıqları bazar dəyərindən xeyli baha qiymətə alıb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, həmin dövrdə Gürcüstanın müdafiə nazirinin yaxın qohumu olan V.M. satınalmada iştirak edən, əvvəlcədən seçilmiş şirkətlərə qalib gələcəyinə dair zəmanət verib və bu zəmanəti müvafiq vəzifəli şəxslərlə olan əlaqələri ilə əsaslandırıb.
Bu cinayətkar hərəkətlər nəticəsində dövlətə azı 1 milyon 333 min 728 lari məbləğində zərər dəyib.
Qeyd olunan cinayət əməlləri ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri, eləcə də 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Bu maddələr üzrə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Həmçinin, istintaq digər şəxslərin müəyyənləşdirilməsi və ifşa olunması istiqamətində davam edir”, – deyə Emzar Qaqnidze qeyd edib.