Marneuli bələdiyyəsinin Yağlıca hissəsində iki hüquqi şəxsin əmlakı məcburi müsadirə olunacaq.
Aktual.ge xəbər verir ki, bu hal zəruri ictimai ehtiyaclar üçün həyata keçirilən layihə ilə bağlıdır. Layihə çərçivəsində hüquqi şəxslərə məxsus torpaq sahələrinin müsadirə olunması hüququ Gürcüstanın Avtomobil Yolları Departamentinə verilib.
Departament beynəlxalq əhəmiyyətli Şərq-Qərb magistralının dördüncü investisiya layihəsi olan Rustavi–Qırmızı Körpü və Rustavi–Sadaxlı avtomobil yolunun (1-ci və 2-ci lotlar) tikintisini həyata keçirir.
Əmlakın alınmasının səbəbləri nələrdir?
Layihənin icrası məqsədilə Departamentin sifarişi ilə "Torpaq Alınması və Köçürmə üzrə Fəaliyyət Planı" hazırlanıb. Bu planda layihənin təsir zonasında yerləşən daşınmaz əmlak sahibləri üçün əmlakın dəyəri və kompensasiya ödənişlərinin verilməsi nəzərdə tutulub. Bununla belə, aparılan danışıqlara baxmayaraq, Departament aşağıdakı hüquqi şəxslərlə razılığa gələ bilməyib:
“NSL B” MMC-yə məxsus əmlak:
Marneuli bələdiyyəsinin Kəpənəkçi kənd inzibati ərazisində, Yağlıca kəndində yerləşən 996 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 595 kv.m hissəsi və həmin hissədə yerləşən tikililər;
Eyni ərazidə – Yağlıca kəndinin otlaqlarında yerləşən 1 252 449 kv.m kənd təsərrüfatı (otlaq) təyinatlı torpaq sahəsinin 85 530 kv.m hissəsi, oradakı çoxillik bitkilər və tikililər.
“Agro-Vus” MMC-yə məxsus əmlak:
Marneuli bələdiyyəsinin Kəpənəkçi kənd inzibati ərazisində, Yaglıca kəndinin otlaqlarında yerləşən 250 065 kv.m kənd təsərrüfatı (otlaq) təyinatlı torpaq sahəsinin 39 479 kv.m hissəsi və həmin sahədə mövcud olan çoxillik bitkilər.
Yuxarıda qeyd edilənlərə əsasən, bu hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrinin və əmlakın müvafiq hissələri müsadirə olunacaq.