Rusiya hökuməti ölkədən benzinin ixracını tamamilə qadağan edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyasının Nazirlər Kabinetinin "Telegram" kanalında yayılıb.
Benzinin ixracı, o cümlədən istehsalçı şirkətlər üçün də, 31 avqusta qədər qadağan edilib. Əvvəllər qadağa yalnız treyderlərə, vasitəçilərə və neft bazalarına şamil olunurdu.
"İxrac qadağasının sərtləşdirilməsi yüksək mövsümi tələbat və kənd təsərrüfatı işləri dövründə daxili bazarda yanacaq sabitliyinin qorunması üçün zəruridir", - deyə bildirib.
Qeyd edək ki, Rusiyada yanacaq bazarında qiymətlər ilin əvvəlindən bəri 30% artaraq demək olar ki, tarixi maksimuma çatıb. Benzinin topdansatış qiymətində kəskin artım aprel ayında başlayıb. O vaxtdan bəri Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında AI-92 markalı benzinin qiyməti 29% artaraq tonuna 65 min rublu (793 dollar) keçib, AI-95 markasının qiyməti isə tonuna 28% artaraq 73 min rubla (təxminən 890 dollar) yüksəlib və 2023-cü ilin yayında qeydə alınmış rekord səviyyəni keçib.
"Reuters"in məlumatına görə, ötən il Ukrayna dronlarının hücumları nəticəsində Rusiyanın azı 10 iri neft emalı zavodu zərər görüb və bəzi zavodlar aylarla fəaliyyətsiz qalıb. Bu hücumlar səbəbilə neft emalı həcmi son 12 ilin minimum səviyyəsinə enib.
Məlumat üçün bildirək ki, Rusiya hökuməti 2024-cü il martın 1-dən benzinin ixracına məhdudiyyətlər tətbiq edib. İstisnalar hökumətlərarası sazişlərə, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə razılaşmalara, şəxsi istifadə üçün və ya beynəlxalq humanitar yardım çərçivəsində ixrac olunan yanacağa şamil olunub. Embargo 2024-cü il mayın 20-dən iyul ayının sonunadək müvəqqəti dayandırılmışdı, lakin 2024-cü ilin dekabrından etibarən avtomobil benzininin ixracı yalnız istehsalçılara icazə veriləcək.