Qəzalı vəziyyətdə olan eyvanlar | Marneulidə yerli sakinlər fəryad edir - VİDEO
30.07.2025 02:06
943
Siyasət
A
Qəzalı vəziyyətdə olan eyvanlar | Marneulidə yerli sakinlər fəryad edir - VİDEO

Marneuli şəhərində yerləşən bir neçə 5 mərtəbəli yaşayış binasının eyvanları qəzalı vəziyyətdədir. Əhalinin həyat və təhlükəsizlik şəraiti ciddi risk altındadır. Hazırda bu binaların əksəriyyətində eyvanların beton konstruksiyası qopub, metal dayaqlar paslanıb və çökmə təhlükəsi yaradır.

Çəkiliş zamanı aydın görünür ki, bir çox eyvanlar istismar üçün yararsızdır və azacıq titrəyiş belə uçquna səbəb ola bilər. Yerli sakinlər illərdir bu problemlə üz-üzə qaldıqlarını, lakin rəsmi qurumlardan hər hansı real tədbirin görülmədiyini bildirirlər.

Bəzi sakinlər eyvanlardan istifadə etməyə qorxduqlarını və vəziyyətin günü-gündən pisləşdiyini deyirlər. Onların sözlərinə görə, aidiyyatı qurumların əməkdaşları bir neçə dəfə gəlib baxış keçirsələr də, bu günə qədər real nəticə olmayıb. Üstəlik bu yaxınlarda binalardan birinin ikinci mərtəbəsindəki eyvanının müəyyən beton parçaları qırılaraq tökülüb. 

Hazırda sakinlər aidiyyəti qurumlardan dərhal tədbir görülməsini, xüsusilə uşaq və yaşlı insanların təhlükəsizliyi baxımından bu məsələyə təcili müdaxilə olunmasını tələb edirlər.

Çəkiliş zamanı sakinlərdən biri bizi evinə dəvət edərək problemin miqyası ilə daha yaxından tanış olmağımıza şərait yaratdı. O, eyvanın uçmaq təhlükəsi ilə üzləşdiyini və bəzi hissələrinin artıq dağıldığını bildirdi.

Marneuli merinin müavini Roin Dekanoidze ilə telefon danışığımız zamanı o, məsələ ilə bağlı işlərin aparıldığını və müvafiq layihələrin hazırda mövcud olduğunu bildirib.

Xatırladaq ki, 2022-ci il iyunun 26-da oxşar problem nəticəsində faciə baş vermişdi. Marneuli şəhərinin Nərimanov küçəsində yerləşən 5 mərtəbəli binanın beşinci mərtəbəsindəki eyvanın uçması nəticəsində 2 qadın həlak olmuş, 2 azyaşlı isə ağır xəsarət almışdı. Bu ilin 10 iyul tarixində isə Marneulidə daha bir qəza halı qeydə alınıb. Şəhərin Rustaveli küçəsi 81 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının giriş hissəsindəki konstruksiya gecə saatlarında çöküb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Daha ətraflı Natela Əlləzovanın hazırladığı videi süjeti təqdim edirik:

 

ŞƏRH YAZ
0