Rusiyanın Kamçatka yarımadası sahillərində 8.8 bal gücündə zəlzələ baş verib və bu, sunami ilə nəticələnib.
Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən cənub-şərqə doğru 119 km məsafədə, 19.3 km dərinlikdə yerləşib.
Kamçatka yarımadasında zəlzələnin səbəb olduğu sunaminin hündürlüyü 4 metrə çatıb.
Rusiya mediasının məlumatına əsasən, zəlzələdən sonra bir neçə nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib. Eyni zamanda, zəlzələ nəticəsində bir uşaq bağçasının divarı uçub, lakin xəsarət alan olmayıb.
Sunaminin dalğası Saxalin vilayətində limanı və balıqçılıq müəssisəsini su altında qoyub.
Kamçatkada baş verən güclü zəlzələdən sonra Yaponiyanın bəzi bölgələrində və Havay adalarında təxliyə əmri verilib.
Yaponiyada Fukuşima Atom Elektrik Stansiyasından işçilər təxliyə olunub.
Havay qubernatoru Coş Qrin fövqəladə vəziyyət elan edib.
“Sakit okeanda baş verən güclü zəlzələ səbəbilə, Havay sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir”, – ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
Rusiya Elmlər Akademiyasının məlumatına görə, bu, 1952-ci ildən bəri regionda qeydə alınan ən güclü zəlzələdir.