Aİ Gürcüstana vizasız rejimi ləğv edərsə məsuliyyətini kim daşıyacaq? | Baş nazir belə cavab verdi
01.08.2025 01:57
915
Siyasət
A
Aİ Gürcüstana vizasız rejimi ləğv edərsə məsuliyyətini kim daşıyacaq? | Baş nazir belə cavab verdi

"Biz bir daha Avropa strukturlarına, Avropa bürokratiyasına müraciət edirik ki, bizimlə danışsınlar".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

Hökumət başçısının sözlərinə görə, onlar sovet yanaşmasından əl çəkməli və avropasayağı yanaşma ilə danışmalı, hərəkət etməlidirlər.

"Viza liberallaşmasına gəldikdə isə: Biz bir daha Avropa strukturlarına, Avropa bürokratiyasına çağırış edirik ki, bizimlə danışsınlar. Telegramlar göndərmək əvəzinə bizimlə ünsiyyət qursunlar. Biz bütün mövzular üzrə dialoqa hazırıq. Xatırlayırsınızsa, bir vaxtlar 'rus qanunu' adlandırılan, əslində isə inqilabların qarşısını almağa yönəlmiş qanunla bağlı da biz Avropa bürokratiyasına, o vaxtkı ABŞ bürokratiyasına açıq debat çağırışı etmişdik, cəmiyyətin gözü qarşısında, bütün mövzular üzrə. Əgər sübut etsəydilər ki, bu qanunda nəsə pis bir şey var, biz onu geri çəkəcəyimizi demişdik. Amma heç bir müzakirə aparılmadı, beləliklə sovet yanaşması sərgiləndi. İndi də eynidir, bizə sadəcə notlar göndərirlər. Gəlin, bu sovet yanaşmasından əl çəksinlər və bizimlə avropa üsulu ilə danışsınlar, hərəkət etsinlər. Bizim Avropa bürokratiyasına çağırışımız budur.

Avropa bürokratiyası ilə heç bir ünsiyyət yoxdur, –yalnız göndərilən depeşlərdən ('Depeş' - Rəsmi ünsiyyətdə istifadə olunan rəsmi məlumat məktubu və ya teleqram - Red.) başqa. Bu, vaxtilə Sovet Moskvasından Gürcüstana göndərilən depeşələri xatırladır. Bundan başqa, Avropa bürokratiyası ilə heç bir kommunikasiya olmayıb – bu isə sovet yanaşmasıdır. Mən istərdim ki, Avropa bürokratiyası bu sovet yanaşmasını dəf edə bilsin. Biz dialoqa açığıq, çünki düşünürük ki, tam haqlıyıq. İstər açıq şəkildə, istərsə də qapalı şəraitdə, gəlsinlər və ünsiyyət qurmağa çalışsınlar", – deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, Avropa bürokratiyasının zorakılıq haqqında danışmağa heç bir haqqı yoxdur, heç bir tərəfdən, o halda ki, "2023 və 2024-cü ilin yaz aylarındakı zorakılıqlar onların təşviqi ilə baş verib".

"İnsan hüquqlarının müdafiəsi adı ilə bizə deyirlər ki, cinsə dair qeydin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməliyik. Şəffaflıq qanununa isə 'rus qanunu' adını verdilər və min bir bədnamlıq dedilər, amma burada da sıfır arqument, sıfır sübut. İnsan hüquqları mövzusuna gəlincə, bir şeyi Avropa bürokratiyasına xatırlatmaq istəyirəm, onların səfiri o zorakılıqları təşviq edirdi, hansı ki, Tbilisinin küçələrində gördük. ABŞ-ın sabiq səfiri də o zorakılıqları təşviq edirdi, hansı ki, bir zamanlar Tbilisinin küçələrində baş vermişdi. Belə bir vəziyyətdə onların deməsi ki, polis mitinq iştirakçısına qarşı zorakılıq edib, tamamilə yerinə düşmür. Onların bunu deməyə mənəvi haqqı yoxdur. Bunu bizə bəlkə sadə vətəndaşlarımız deyə bilər, bizi tənqid edə bilər ki, istintaq sona çatmayıb, istər obyektiv, istərsə də subyektiv səbəblərlə. Amma Avropa bürokratiyasının, Gürcüstan vətəndaşından fərqli olaraq, buna heç bir mənəvi haqqı yoxdur", – deyə o vurğulayıb.

Vizaların ləğv olunacağı halda ilin sonunda kim məsuliyyət daşıyacaq sualına isə İrakli Kobaxidze belə cavab verib:

"Əgər Avropa bürokratiyası viza liberallaşmasını bizə bu səbəblərə görə ləğv edəcəksə, kobud desək, kişi kişidir, qadın qadındır, cins haqqında qeydlər dəyişdirilməməlidir, iki kişi yetkinlik yaşına çatmayan uşağı övladlığa götürməməlidir və sair... Əgər bütün bunlar faciədirsə, deməli, lap bədbəxt bir vəziyyətdir".

ŞƏRH YAZ
22