DİN: 2025-ci ilin yanvar-iyun ayları ərzində ölkədə cinayət halları azalıb
01.08.2025 12:32
420
Kriminal
A
DİN: 2025-ci ilin yanvar-iyun ayları ərzində ölkədə cinayət halları azalıb

2025-ci ilin ilk altı ayı ərzində ölkə miqyasında qeydə alınan cinayətlərin statistik məlumatlarına əsasən, cinayət göstəricisi əvvəlki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 795 fakt (−2,96%) azalıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.

Bununla yanaşı, qeyd olunur ki, qeydə alınan cinayətlərin açılma göstəricisi artıb və 66,16%-ə çatıb.

“Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı həyata keçirilən effektiv hüquqi siyasət və Daxili İşlər Nazirliyinin qətiyyətli mübarizəsi nəticəsində 2025-ci ilin iki rübü ərzində narkotik cinayətlərin aşkarlanması əhəmiyyətli dərəcədə artıb.

Cari ilin altı ayında hüquq-mühafizə orqanları ümumilikdə 3919 narkotik cinayət faktını aşkar edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur. Polis tərəfindən görülən aktiv tədbirlər nəticəsində 2025-ci ilin iki rübündə narkotik vasitələrin qanunsuz satışı ilə bağlı 263 nəfər məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

2025-ci ilin altı ayında həmçinin əmlaka qarşı törədilən cinayətlərin sayı azalıb. Bunlara mənzil oğurluğu, qarət, dələduzluq, hədə-qorxu ilə tələb etmə və mənimsəmə/israfetmə halları daxildir. 2025-ci ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə cinsi cinayətlər, insan alveri, azyaşlıların satışı faktları, kiber cinayətlər (−80 fakt) və vəzifə cinayətləri (−46 fakt) də azalıb.

Bu ilin ilk iki rübündə isə qəsdən ağır bədən xəsarəti yetirmə halları və nəqliyyatla bağlı cinayətlərin sayı artıb, o cümlədən nəqliyyat hərəkəti təhlükəsizliyi və istismar qaydalarının pozulması halları 175 fakt çoxalıb. Lakin eyni zamanda cinayətlərin açılma göstəricisi də yüksəlib.

Ölkədə təhlükəsiz mühitin maksimum təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri 24 saat rejimində cinayətkarlığa qarşı qətiyyətli mübarizəsini davam etdirir”, – məlumatda qeyd deyilir.

ŞƏRH YAZ
11