Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin təşkilatçılığı ilə 100-ə yaxın zəvvar avqustun 3-ü axşam saatlarında İraqın Kərbəla şəhərinə doğru İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseynin (ə) 40 mərasimi münasibətilə keçirilən “Ərbəin” ziyarəti məqsədilə yola düşüb.
İki avtobusdan ibarət zəvvar qruplarından biri qadınlardan, digəri isə kişilərdən ibarət olub. Ziyarətgah torpaqlarına üz tutan zəvvarlar arasında gənclər üstünlük təşkil etsə də, ağsaqqal və ağbirçək zəvvarların da sayı az olmayıb.
Yola düşməzdən əvvəl məscidin qarşısında çıxış edən Marneuli Mərkəzi Məscidinin axundu və imam cümə Hacı Hacıyev zəvvarlara səfər zamanı riayət edilməli mənəvi və əxlaqi prinsipləri xatırladıb, tövsiyələr verib, "Ərbəin" ziyarətinin mahiyyəti və əhəmiyyəti barədə danışıb, səfərin uğurla tamamlanması üçün dualar edib.
Səfərdən öncə açıqlama verən Hacı Hacıyev zəvvarların "Ərbəin" ziyarətindən avqust ayının ikinci yarısında geri qayıdacaqlarını bildirib. O, həmçinin Gürcüstandan olan zəvvarların Kərbəla çölündə üç yerdə ehsan paylamaq üçün stendlər quracaqlarını diqqətə çatdırıb.
Kərbəlaya yola düşən zəvvarlar böyük sevinc yaşadıqlarını bildirib və təəssüratlarını kameralar qarşısında bölüşüblər.
3 avqust axşamı daha iki zəvvar qrupu Marneulidən, bir qrup isə Soğanlıq Əhlibeyt Məscidinin önündən Kərbəlaya doğru səfər edib.
Qeyd edək ki, "Ərbəin" ərəb dilində qırx deməkdir. İmam Hüseynin və Kərbəla şəhidlərinin şəhadətinin qırxı Hicri təqviminin səfər ayının 20-sinə təsadüf edir. Ərbəin günü dünya müsəlmanları, xüsusilə də şiələr, Kərbəla şəhərinə ziyarətə axın edirlər. Bu ziyarət İslam dünyasının ən böyük dini yürüşü sayılır. Ərbəin ziyarətinin əsas xüsusiyyəti piyada yürüşlərdir. Ən məşhur yürüş marşrutu Nəcəf şəhərindən yəni, İmam Əli əleyhissalamın hərəminin yer aldığı şəhərdən Kərbəlaya olan yoldur ki, bu məsafə təxminən 80 km təşkil edir. Zəvvarlar bu yolu piyada gecə-gündüz qət edərək İmam Hüseynin əziz xatirəsinə ehtiramlarını bildirirlər. Yürüş zamanı yollarda könüllü xidmət edən minlərlə insan zəvvarlara yemək, içki, qalacaq yer və tibbi yardım təqdim edir. Dünyanın müxtəlif yerlərindən milyonlarla insan bu yürüşə qatılaraq Kərbəla mesajını yaşatmağa çalışır.
Bundan əlavə, İraq hökumətinin staitstik məlumatlarına əsasən, 2024-cü ildə Ərbəin ziyarətində 21 milyon 480 mindən çox zəvvar iştirak edib. 2023-cü ildə bu rəqəm 22–25 milyon, ən yüksək göstərici isə 2017-ci ildə — təxminən 30 milyon nəfərlə qeydə alınıb.
Daha ətraflı video süjeti təqdim edirik: