"8 avqust faciəli tarixdir bu, o dövrün hakimiyyəti tərəfindən həyata keçirilmiş ən ağır avantüra və xəyanət idi. Bu gün bizə xatırladır ki, ölkəni suveren hakimiyyət idarə etməlidir".
Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Muxatqverdi Qardaşlıq Qəbiristanlığında jurnalistlərlə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” ölkənin müstəqilliyini sonadək qoruyacaq ki, “Belə cinayətlər təkrarlanmasın”.
“Biz 2008-ci il müharibəsində həlak olanların xatirəsini yad edirik. Avqust müharibəsində 400-dən çox insan, o cümlədən qəhrəman hərbçilərimiz və əsgərlərimiz həlak oldu – onlar vətənimizin şərəfini qorudular. Təbii ki, bizim borcumuzdur ki, hər il və daim onların, qəhrəmanlarımızın xatirəsini anaq. Ümumiyyətlə avqust müharibəsinə gəlincə, 8 avqust faciəli tarixdir. Bu, o dövrün hakimiyyəti tərəfindən həyata keçirilmiş ən ağır avantüra və xəyanət idi. Bu gün bizə xatırladır ki, ölkəni yalnız suveren hakimiyyət idarə etməlidir, elə hakimiyyət ki, yalnız milli maraqlarla hərəkət edir, xarici güclərin diktəsi ilə yox.
Biz ölkəmizin müstəqilliyini sonadək qoruyacağıq ki, belə cinayətlər bir daha təkrarlanmasın, ölkəmizdə sülh qorunsun və dövlətimizin maraqları müdafiə olunsun”, – deyə İrakli Kobaxidze qeyd edib.
Avqust müharibəsindən 17 il keçir. 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 əməkdaşı, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub. Yaralanan və xəsarət alan mülki və hərbi şəxslərin ümumi sayı 2 min 232 nəfər təşkil edir, onların 1 045-i hərbi qulluqçudur.