"İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid vəziyyətinə saldı və bu gün bütün bunların nəticəsində biz tranzit hab funksiyamızı itiririk".
Aktual.ge xəbər verir ki, bu sözlər Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin “Facebook” səhifəsində paylaşdığı məktubda qeyd olunub.
Mixeil Saakaşvili qeyd edib ki, bu gün planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan razılaşmasına əsasən Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürür və bu, Avropadan Çinə yeni bir tranzit marşrutunun açılmasına səbəb olur – Gürcüstan, İran və Rusiyadan yan keçməklə.
“Gürcüstan üçün son dərəcə ağır geosiyasi fəlakət. Mənim dövrümdə Gürcüstanın rifahı əsasən tranzit funksiyaya söykənirdi. Bu funksiyanı biz ilk dəfə Şevardnadze dövründə əldə etdik, mənim dövrümdə isə onu daha da dərinləşdirdik. Turizm və Gürcüstanın 'dünyanın demokratiya mayakı' statusu bizi xarici investisiyalar üçün daha cəlbedici edirdi.
Bizi həm də mənim dövrümdə qurulmuş geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiya prosesinin başlanması gücləndirirdi. Məhz bu dörd amil bizim təhlükəsizliyimizin zəmanəti idi və 2008-ci ildə ABŞ prezidenti Buş məhz Gürcüstanın tranzit funksiyasını və xüsusilə demokratik sistemini qorumaq üçün 6-cı donanmanı göndərmişdi.
Bu gün planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq sazişinə əsasən Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürür və bu, Avropadan Çinə yeni tranzit dəhlizi açır - bu dəfə Gürcüstan, İran və Rusiyanı kənarda qoymaqla.
Bəli, biz indi İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridə məruz qalırıq. Bu isə o deməkdir ki, dəmir pərdə Qırmızı körpüdə enir və biz Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq”, - deyə o, qeyd edib.
Üçüncü prezidentin fikrincə, bu proseslərin fonunda Lazika limanı layihəsi və Gürcüstanın digər limanlarının inkişafı mənasını itirir, ölkənin yeganə perspektivi isə əhalinin sürətli şəkildə ölkəni tərk etməsi və dərinləşən yoxsulluq olur.
“Lazika limanı layihəsi və ümumiyyətlə mövcud Gürcüstan limanları əhəmiyyətini itirir. Gürcüstanın yeganə gələcəyi əhalinin daha da sürətli şəkildə ölkəni tərk etməsi və ümumi yoxsulluğun artmasıdır. Bizi Amerika və Avropa ilə strateji əlaqələrin qırılması bu vəziyyətə gətirdi. Və nə qədər ironikdir ki, bütün bunlar avqust müharibəsinin ildönümündə baş verir”, - Mixeil Saakaşvili yazıb.