Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) koordinasiyası ilə, Konya Böyükşəhər Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsi tərəfindən, Gürcüstanın Kaxeti bölgəsində fəaliyyət göstərən Milli Müdafiə və Təhlükəsizlik üçün Gənclər və Veteranlar Qombori Təlim Mərkəzində 4–8 avqust 2025-ci il tarixlərində “Təbiətdə Axtarış və Xilasetmə üzrə Əsas Təlim” keçirilib.
Aktual.ge xəbər verir ki, bu barədə TİKA-nın Tbilisi Kordinatorluğu məlumat verib.
Bildirilib ki, təlim Təcili Hallar və Fəlakətlərə Müdaxilə Tədris Proqramı (ADAMEP) çərçivəsində təşkil olunub və ona könüllü gənclər və təlimçilərdən ibarət 30 nəfərlik qrup qatılıb. Təlimin açılış mərasimi Gürcüstan Veteranlar İttifaqının sədri, general-mayor Koba Kobaladze və TİKA-nın Tbilisidəki koordinatoru Zeynəb Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilib.
"Təlim müddətində iştirakçılar axtarış-xilasetmə əməliyyatlarında tələb olunan əsas bilik və bacarıqları həm nəzəri, həm də praktiki şəkildə mənimsəyiblər. Xəritə, kompas və GPS-dən istifadə, axtarış üsulları, axtarış-xilasetmə avadanlıqlarının təqdimatı, ilk yardım təlimləri (virtual reallıq dəstəyi ilə), xərək bağlama və təxliyə texnikaları, iplərlə iş, düyünlər, tripod və makara qurulması kimi mövzular işlənib. Həmçinin, təbiət şəraitində ssenariyə əsaslanan sahə təlimi keçirilib və nəzəri biliklər möhkəmləndirilib.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Təlimdə iştirak edən könüllü gənclər proqramın həm nəzəri, həm də praktiki tərəflərinin olduqca faydalı olduğunu bildiriblər. Reallığa yaxın ssenarilərlə həyata keçirilən məşqlərin onların özünəinamını artırdığını və mümkün fəlakətlərə qarşı daha hazırlıqlı hiss etdiklərini ifadə edən iştirakçılar, Türkiyədən gələn təlimçilərin təcrübələrini paylaşmasından böyük məmnunluq duyduqlarını vurğulayıblar. Təlimin sonunda bir çox könüllü bu sahədə özlərini daha da inkişaf etdirmək və yeni iştirakçılara mentorluq etmək istədiklərini qeyd edib.
Bu təlim, Gürcüstanda könüllülük əsasında fəaliyyət göstərən fəlakətə müdaxilə qabiliyyətinin gücləndirilməsinə töhfə verərkən, eyni zamanda Türkiyənin fəlakət idarəçiliyi sahəsindəki təcrübələrinin paylaşılması yolu ilə iki ölkə arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirib" , - məlumatda deyilir.





