Daxili İşlər Nazirliyinin əməkdaşları, türk həmkarları ilə birgə həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 12 nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamenti direktorunun müavini İrakli Dondoladze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslər Türkiyə polisinin son 5 il ərzində beynəlxalq miqyasda verdiyi İnterpolun qırmızı bülletenləri əsasında axtarılırdı.
“İctimaiyyətə Gürcüstan ərazisində son 24 saat ərzində keçirilən polis tədbirləri barədə məlumat vermək istəyirik. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları, türk həmkarları ilə birgə həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 12 nəfəri saxlayıblar. Onların hamısı Türkiyə Respublikası vətəndaşlarıdır.
Saxlanılan şəxslər Türkiyə polisinin son 5 il ərzində beynəlxalq miqyasda verdiyi İnterpolun qırmızı bülletenləri əsasında axtarılırdılar.
Aparılmış istintaqla müəyyən olunub ki, saxlanılan 12 nəfərdən 8 nəfəri Gürcüstan ərazisinə hələ onlar barəsində beynəlxalq axtarış elan olunmamışdan əvvəl daxil olub, 4 nəfər isə ölkəyə qanunsuz yolla gəlib. Bu səbəbdən onlarla bağlı müvafiq cinayət-prosessual tədbirlər görülür.
Saxlanılan şəxslər arasında ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunanlar var. Onlar arasında ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə (o cümlədən azyaşlı uşağın qətli), adam öldürməyə cəhd, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə, sağlamlığa qəsdən ağır zərər vurma, mütəşəkkil cinayət dəstəsi yaratma və ona üzv olma, hədə-qorxu yolu ilə tələb etmə, oğurluq, odlu silahı qanunsuz əldəetmə, saxlama və gəzdirmə, narkotik cinayətləri, sənəd saxtakarlığı, investisiya fırıldağı və mənimsəmənin 178 epizodunda ittiham olunan axtarışda olan şəxslər var.
Bundan əlavə, saxlanılanlardan birinin üzərinə baxış zamanı maddi sübut kimi odlu silah və döyüş sursatı götürülüb.
Qeyd olunmalıdır ki, axtarışda olan şəxslərin yerinin müəyyənləşdirilməsi və onların saxlanılması əməliyyatından əvvəl uzunmüddətli operativ-axtarış tədbirləri aparılıb. Bu tədbirlərin planlaşdırılmasında Gürcüstan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə yanaşı, Türkiyə Respublikasının İnterpol Bürosu, Türkiyə Milli Polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölmələri, həmçinin Gürcüstandakı Türkiyə Respublikası polis və jandarm ataşeləri iştirak ediblər.
Hazırda 12 nəfərin hamısı barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiyaöncəsi prosedurlar davam edir. Eyni zamanda, burada olan türk həmkarlarımıza təşəkkürümüzü bildiririk. Bizim çoxillik sıx əməkdaşlıq təcrübəmiz var və bu birgə uğurlu polis tədbiri həmin əməkdaşlığın bariz nümunəsidir.
Gürcüstan Daxili İşlər Nazirliyi təşkil olunmuş cinayətkarlığa qarşı barışmaz mübarizəni davam etdirəcək ki, hər bir vətəndaşımızın təhlükəsizliyi təmin olunsun”, - deyə İrakli Dondoladze bildirib.