Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi, Baş Prokurorluqla birgə həyata keçirdiyi istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və qanunsuz dövriyyəsi ittihamı ilə üç nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, saxlanılan şəxslərdən biri İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin 2-ci Polis Bölməsinin sahə inspektorudur.
“Aparılmış istintaqla müəyyən edilib ki, İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin 2-ci Polis Bölməsinin sahə inspektoru, 1969-cu il təvəllüdlü X.Z. maddi gəlir əldə etmək məqsədilə 1964-cü il təvəllüdlü vətəndaş İ.G.-yə və 1960-cı il təvəllüdlü vətəndaş A.B.-yə narkotik vasitə olan ‘morfin’in qanunsuz satışını həyata keçirib.
Vətəndaşlar İ.G. və A.B.-nin şəxsi və yaşayış ünvanlarında aparılan axtarış zamanı maddi sübut kimi narkotik vasitə ‘morfin’ və ‘buprenorfin’ aşkarlanaraq götürülüb. Bu narkotik maddələrə həmin şəxslər tərəfindən qanunsuz olaraq sahib çıxıldığı müəyyən edilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 2-ci hissələri, həmçinin 260-1-ci maddənin 4-cü hissəsi ilə aparılır. Bu cinayətlərə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.