Marneulidən olan bir qrup gənc, İraqın Kərbəla şəhərində İmam Hüseynin Ərbəin ziyarəti münasibətilə, adını “Borçalı Xeyməsi” qoyduqları stenddə 8 gün ərzində təxminən 20 min zəvvara təmənnasız xidmət göstərib.
Marneulidən olan xeyir sevər insanların dəstəyi ilə təşkil olunan bu təşəbbüs Nəcəf–Kərbəla yolunun 387-ci sütunu yaxınlığında həyata keçirilib. “Borçalı Xeyməsi”ndə səhər saatlarında ziyarətçilərə çay, axşam isə 200 şiş toyuq kababı şişə çəkilərək ziyarətçilərə təqdim olunub. Bundan əlavə, stendin ətrafında zəvvarların gecələməsi və digər zəruri ehtiyaclarının qarşılanması üçün şərait yaradılıb.
Bildirilib ki, 8 gün davam edən bu xidmətdə hər gün təxminən iki min – iki min beş yüz nəfərə xidmət göstərilib.
Qeyd edək ki, Həzrəti Məhəmməd Peyğəmbərin əziz Nəvəsi İmam Hüseynin Ərbəin, yəni qırx mərasimi 14 avqust tarixində başa çatır.