“35 ildən sonra Tbilisiyə tramvay qayıdır”.
Aktual.ge xəbər verir ki, bunu Tbilisinin meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, tramvay xətti Didi Diğomi ilə Didube metro stansiyasını birləşdirəcək. Layihələndirmə və tikinti işləri üçün meriya bu gün tender elan etməyi planlaşdırır.
“Gürcüstanın müstəqillik tarixində ilk dəfə tramvay layihəsi həyata keçiriləcək. Bu gün biz tramvay xəttinin layihələndirilməsi və tikinti işlərinin satın alınması üçün tender elan edirik. Bundan əvvəl bazar araşdırmaları ilə bağlı satınalma elan etmişdik. Artıq nə edilməli olduğunu və hansı sahədə həyata keçirilməli olduğunu bilirik.
35 ildən sonra Tbilisiyə tramvay qayıdır. Avropa standartlarına uyğun tramvay xətti inşa olunacaq, hansı ki, Didi Diğomi yaşayış massivini Didube metro stansiyası ilə birləşdirəcək. Layihənin məqsədi Didi Diğomini Tbilisinin müxtəlif bölgələri ilə qısa zamanda əlaqələndirməkdir”, – deyə o bildirib.
Bununla yanaşı, artıq məlumdur ki, tramvayın yeni xətti ümumilikdə 7,6 kilometr məsafəni əhatə edəcək və 11 dayanacaqdan ibarət olacaq.
Tbilisi merinin sözlərinə görə, tramvay xətti Tbilisidəki tıxacların azalmasına kömək edəcək.
“7,6 km-lik tramvay xəttində 11 dayanacaq olacaq. Nəticədə tramvay Didi Diğomidən artan sərnişin axınının təhlükəsiz və sürətli hərəkətini təmin edəcək, avtobus və mikroavtobuslara düşən yükü azaldacaq, tıxacları aradan qaldıracaq və ekoloji vəziyyəti yaxşılaşdıracaq” , – deyə Kaxa Kaladze vurğulayıb.