Azərbaycanda Kərbəlaya ziyarətə gedən zəvvarları aldadaraq yarı yolda qoyan şəxs saxlanılıb - FOTO
22.08.2025 16:36
946
Dünya
A
Azərbaycanda Kərbəlaya ziyarətə gedən zəvvarları aldadaraq yarı yolda qoyan şəxs saxlanılıb - FOTO

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraqdakı ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov "Instagram" sosial şəbəkəsində "Risalət Travel" adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. Rasim Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə "bloklayaraq" onlarla olan əlaqələrini dayandırıb.

"Faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. Rasim Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir" , - məlumatda deyilir.

Xatıraldaq ki, bundan əvvəl də Azərbaycan KİV-ə xəbər yaymışdı ki, "Risalət Travel”in rəhbəri Rasim Şahbazov Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətdə buraxıb. "Xəzər" telekanalının xəbərinə görə, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazova Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. O, isə zəvvarları Gürcüstanın paytaxtı Tbilisi şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.

ŞƏRH YAZ
2