TİKA dəstəyi ilə türk mütəxəssislər Gürcüstan Axtarış-Xilasetmə qrupuna təlim keçib - FOTO
29.08.2025 12:07
338
Maraqlı
A
TİKA dəstəyi ilə türk mütəxəssislər Gürcüstan Axtarış-Xilasetmə qrupuna təlim keçib - FOTO

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinin əməkdaşlığı ilə təşkil olunan Təbiətdə Axtarış-Xilasetmə üzrə İrəliləmiş Səviyyə Təlimi uğurla başa çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə TİKA-nın Gürcüstan Koordinatorluğu məlumat verib.

Bildirilib ki, Tbilisidə keçirilən təlimdə Fövqəladə Hallar İdarəsində xidmət edən 22 əməkdaş iştirak edib. Təlim proqramı Türkiyə AFAD Rəhbərliyindən gələn 5 mütəxəssis tərəfindən həm nəzəri, həm də praktiki məşğələlərlə həyata keçirilib.

"Proqram çərçivəsində iştirakçılara təbiətdə axtarış-xilasetmə texnikaları, fövqəladə vəziyyət anında sahə koordinasiyası, irəliləmiş alpinist bacarıqları, avadanlıqlardan istifadə və ssenari əsaslı təlimlər üzrə biliklər verilib.

Bundan əlavə, təlim müddətində istifadə olunan texniki avadanlıqlar proqramın sonunda Gürcüstan axtarış-xilasetmə qruplarına təhvil verilib ki, ölkə üzrə mümkün fəlakət və fövqəladə hallarda aktiv şəkildə istifadə olunsun. Təlimdə iştirak edən əməkdaşlar qazandıqları yeni bilik və bacarıqlardan məmnunluqlarını ifadə ediblər. Gürcüstan Fövqəladə Hallar İdarəsi rəhbərliyi isə TİKA və AFAD əməkdaşlığı ilə təşkil edilən bu təlimlərin qurumsal potensiallarına böyük töhfə verdiyini vurğulayaraq təşəkkürünü bildirib.

Təlim fəaliyyətinin yekunlaşması ilə Gürcüstanda xidmət edən axtarış-xilasetmə əməkdaşlarının müdaxilə potensialı gücləndirilib, eyni zamanda Türkiyə ilə Gürcüstan arasında fəlakətlərin idarə olunması sahəsində texniki əməkdaşlıq daha da möhkəmləndirilib" , - məlumatda deyilir.

 

ŞƏRH YAZ
6