2025-ci il yanvarın 1-dən iyulun 18-dək olan dövrdə cərimə meydançasına 3 604 ədəd minik avtomobili aparılıb. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 492 artım deməkdir.
Aktual.ge xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi – “112” tərəfindən təqdim edilən məlumatda qeyd olunub.
2024-cü ilin ümumi statistikasına əsasən, “112”nin cərimə meydançasına 5 634 ədəd minik avtomobili və 417 ədəd iri qabaritli nəqliyyat vasitəsi aparılıb.
2025-ci ilin 1 yanvar – 18 iyul tarixləri arasında isə 3 604 ədəd minik avtomobili və 215 ədəd iri qabaritli nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə (1 yanvar – 18 iyul) 3 112 ədəd minik avtomobili və 218 ədəd iri qabaritli nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdı.
Avtomobillərin cərimə meydançasına aparılmasının bir neçə səbəbi ola bilər. Bunlara dayanma qaydalarının pozulması, spirtli içki qəbul edərək nəqliyyat vasitəsi idarə edilməsi daxildir. 2025-ci ilin iyulunda qüvvəyə minmiş qanun dəyişikliyinə əsasən, artıq yolun özbaşına bağlanmasına səbəb olan avtomobillər də cərimə meydançasına aparılır.
Cərimə meydançasından avtomobilin çıxarılması ilə bağlı ödəniş bir neçə amildən asılıdır. Buraya evakuator xidmətinin haqqı və avtomobilin meydançada saxlanılma müddəti daxildir.
Belə ki, evakuator xidmətinin sabit qiyməti 90 laridir. Bu məbləğə əlavə olaraq, evakuatorun qət etdiyi hər kilometr üçün 4 lari hesablanır. Bundan başqa, avtomobilin cərimə meydançasında saxlanması da ödənişlidir: ilk 5 gün üçün gündəlik 10 lari, 5 gündən sonra isə gündəlik 5 lari təşkil edir.
Bütün bu xərclərə əlavə olaraq, qanun pozuntusuna görə nəzərdə tutulan inzibati cərimə məbləği də əlavə olunur.