Marneuli şəhəri, Qamsaxurdiya küçəsi 1 ünvanında yerləşən beşmərtəbəli binanın dam örtüyü uzun müddət təmir olunmadığından artıq qəzalı vəziyyətə düşüb. Bu hal bina sakinlərinin gündəlik həyatında narahatlıq yaradır.
Güclü yağışlar zamanı xüsusilə sonuncu mərtəbədə yaşayan ailələrin mənzillərinə su sızmaları müşahidə olunur. Uzun illərin təsirindən dam örtüyü köhnəlib və istismar üçün yararsız hala gəlib. Bununla yanaşı, yağış və külək nəticəsində binanın dam örtüyündə çatlar əmələ gəlib, daxili fasad üzlüklərinin bir hissəsi qoparaq tökülüb.
Sakinlər bildirirlər ki, son vaxtlar müşahidə olunan pis hava şəraiti vəziyyəti daha da çətinləşdirib və binaya giriş-çıxış zamanı narahatlıq yaradır.
Onların sözlərinə görə, mövcud problemlə bağlı dəfələrlə Marneuli meriyasına müraciət edilsə də, hələ ki, şikayətlərinə rəsmi cavab verilməyib.