“Vahid Milli Hərəkat”ın liderlərindən biri olan Levan Xabeishvili rüşvət şəklində vəzifəli şəxslərə pul vəd etməsi faktına görə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) az əvvəl keçirilən brifinqdə məlumat verilib.
Qeyd olunub ki, cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İş rüşvət qismində məmurlara pul vəsaitlərinin verilməsini açıq şəkildə vəd etmək faktına aiddir. Xüsusilə, siyasi partiyalardan birinin nümayəndəsi, Levan Xabeişvili televiziya və sosial şəbəkələrdə çıxış edərək güc strukturlarının əməkdaşlarına hakimiyyətə qarşı keçirilən aksiyalarda onlara həvalə olunmuş vəzifələrin icrasından imtina etdikləri halda rüşvət verəcəyini vəd edirdi. Həmçinin onların ixtiyarında olan, qanunla icazə verilmiş xüsusi vasitələrdən istifadə etmədikləri halda da.
Bu cür hərəkəti həyata keçirənlərə Levan Xabeişvili açıq şəkildə 200 min ABŞ dolları ödəyəcəyini bəyan edirdi. Bundan əlavə, o, 200 min ABŞ dolları məbləğində rüşvəti polis əməkdaşlarına da vəd edib. Belə ki, onlar xidməti fəaliyyətlə bağlı müxtəlif məlumat və gizli materiallar təqdim etsəydilər. O, eyni məbləği xüsusi tapşırıqlar departamentinin əməkdaşlarına təlim və məşqlərdə iştirakdan imtina etdikləri halda da rüşvət qismində vəd etmişdi.
Levan Xabeişvili həmçinin açıq şəkildə bəyan edib ki, polislərə vəd olunan məbləğin ödənilməsi məqsədəuyğundur, çünki hakimiyyətin dəyişdirilməsi üçün istənilən metoddan istifadə olunmalıdır. Xabeişvilinin həyata keçirdiyi, davamlı və sistematik xarakter daşıyan bu hərəkətdə Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətləri aşkarlandığından o, məhkəmə qərarı əsasında şübhəli şəxs qismində saxlanılıb. Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur”, – deyə DTX-i rəhbərinin birinci müavini Laşa Mağradze qeyd edib.