DTX: Ukraynadan gətirilən partlayıcı ilə 4 oktyabr seçkiləri arasında əlaqə araşdırılır
12.09.2025 14:53
751
Kriminal
A
DTX: Ukraynadan gətirilən partlayıcı ilə 4 oktyabr seçkiləri arasında əlaqə araşdırılır

Ukraynadan Gürcüstana “Heksogen” partlayıcı maddəsinin gətirilməsi işində yeni detallar məlum olub. |

Aktual.ge xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətində (DTX) keçirilən fövqəladə brifinqdə qeyd edilib ki, yük avtomobilinin sürücüsünə partlayıcı maddə Ukrayna ərazisində Ukraynanın xüsusi xidmət orqanları tərəfindən verilib.

DTX-in məlumatına görə, istintaq həmin faktla 4 oktyabr seçkiləri arasında, həmçinin radikal qrupların elan etdiyi planlarla əlaqənin olub-olmamasını müəyyənləşdirmək üzərində işləyir.

“İctimaiyyətə Ukraynadan Gürcüstana gətirilmiş partlayıcı maddə ilə bağlı istintaqın yeni detallarını təqdim edirik:

Bildiyiniz kimi, Ukraynanın iki vətəndaşı saxlanılıb. Onlardan 2,4 kiloqram 'Heksogen' partlayıcı maddəsi aşkar edilib. Həmin maddə Gürcüstana Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə gətirilmişdi. Təqsirləndirilən şəxslərin saxlanılmasından bir gün yarım ərzində əlavə istintaq və əməliyyat tədbirləri keçirilib. Bu tədbirlər nəticəsində məlum olub ki, 'Mercedes' markalı yük avtomobilinin sürücüsünə partlayıcı maddə Ukrayna ərazisində Ukraynanın xüsusi xidmət orqanı adətən “SBU” adlandırılan qurumun əməkdaşları tərəfindən verilib. Bu hal saxlanılan şəxslərdən birinin ifadəsi ilə də təsdiqlənib. O bildirib ki, həmin maddəni Gürcüstan ərazisinə gətirməli və onların göstərdiyi konkret şəxsə təhvil verməli idi.

Baxmayaraq ki, saxlanılan şəxs ifadəsində partlayıcı maddənin son təyinat yerini Rusiya Federasiyası kimi göstərib və orada guya 'Pautina 2' adlı əməliyyat həyata keçirilməli olduğunu deyib, istintaq materiallarında və müxtəlif əməliyyat məlumatlarında hazırkı mərhələdə görünən yeganə son məkan Tbilisinin Avlabari ərazisində yerləşən bir yaşayış evidir. Məhz buna görə də, istintaqın digər istiqamətləri ilə yanaşı, bu faktın 4 oktyabr seçkiləri və radikal qrupların elan etdiyi planlarla bağlı olub-olmaması üzərində aktiv iş aparılır.

Dövlət Təhlükəsizlik Xidməti ictimaiyyətə məlumat verməyə davam edir, çünki hesab edir ki, Gürcüstan xüsusi xidmət orqanlarının açıqlaya biləcəyi hissənin paylaşılması ölkənin təhlükəsizliyinin qorunması üçün preventiv əhəmiyyət daşıyır”, - DTX-nin brifinqində qeyd olunub.

Qeyd edək ki, DTX Ukraynanın iki vətəndaşının saxlanılması barədə məlumatı dünən yayıb. Qurumun məlumatına görə, saxlanılan şəxslər Gürcüstana böyük miqdarda partlayıcı maddə gətirirdilər.

ŞƏRH YAZ
22