“Xabeişviliyə əvvəl 3000, sonra isə ayda 5000 lari verirdilər və ona cinayət törətməyi tapşırdılar, cinayət törətdirdilər və həbsxanaya qurban verdilər, budur agentin taleyi”.
Aktual.ge xəbər verir ki, bunları Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, insan agentə çevriləndə, onu özünə zərər vuracaq addımlar atmağa məcbur edirlər.
“Bir daha hamının eşitməsi üçün təkrar edirəm: heç kimə agent olmağı məsləhət görmürəm. Agent olanda məcbur olursan elə addım atasan ki, sonda özünə zərər verəsən. Ona əvvəl 3000, sonra isə 5000 lari verirdilər və cinayət törətməyi tapşırmışdılar. Cinayət törətdirdilər və həbsə qurban verdilər. Budur agentin taleyi. Qalanı istintaqın işidir”, - deyə Baş nazir qeyd edib.
Hökumət başçısının sözlərinə görə, Levan Xabeişvilinin verdiyi vəd konkret cinayət əlamətləri daşıyır. Deyib ki, hüquqi baxımdan hər şey çox aydındır, lakin sonda həqiqəti bu iş üzrə məhkəmə müəyyən edəcək.
Baş nazir qeyd edib ki, Levan Xabeişvili hər kəsə, dövlətə qarşı addım atan və dövlət sisteminə qarşı çıxan istənilən şəxsə vəd verirdi.
Müxalifət nümayəndələrinin Levan Xabeişvilinin vədini illər öncə Bidzina İvanişvilinin kəndlər üçün 5 milyon lari ayırması ilə müqayisə etməsinə gəldikdə, Baş nazir bunu “gülünc” adlandırıb.
“5 milyon məsələsinə gəlincə, illər ərzində kənd yaşayış məntəqələrinə ümumilikdə nə qədər vəsait xərcləndiyini hesablasaq, bu, 5 milyondan qat-qat çoxdur. Regional inkişaf çərçivəsində kəndlərə ayrılan vəsaiti nəzərdən keçirsək, orta göstərici olaraq 5 milyondan çoxdur və bu vəd də, digər vədlər kimi, tam yerinə yetirilib. Levan Xabeişvilinin vədinə gəlincə isə, bu, konkret cinayət əlamətləri daşıyır, çünki burda dəqiqlik var. O, dövlət əleyhinə addım atacaq və dövlət sisteminə qarşı çıxacaq hər kəsə vəd verirdi. Bu qədər konkret olan bir halda, düşünürəm ki, hüquqi baxımdan hər şey çox aydındır, lakin sonda həqiqəti bu iş üzrə məhkəmə müəyyən edəcək”, - deyə o, qeyd edib.
Qeyd edək ki, 11 sentyabr Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, “Milli Hərəkat”ın liderlərindən biri Levani Xabeişvili məmurlara rüşvət kimi pul vəsaiti vəd etməsi faktına görə saxlanılıb. DTX-nin açıqlamasında qeyd olunub ki, “Levan Xabeişvilinin hərəkətində Cinayət Məcəlləsinin 339-cu maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulan bütün cinayət tərkib əlamətləri aşkar edilib və o, hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb”. Bildirilib ki, sözügedən maddə 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Həmçinin, DTX müxalif siyasətçi Murtaz Zodelavanın da saxlanılmasını təsdiqləyib. Qurumun keçirdiyi brifinqdə izah olunub ki, Murtaz Zodelava qaçmağa cəhd edib, bu zaman Antikorrupsiya Agentliyinin əməkdaşlarına fiziki müqavimət göstərib və onlardan birinə zor tətbiq edib. Qurumun açıqlamasına görə, Zodelavanın hərəkəti Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə tövsif edilir ki, bu da 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.