Gürcüstan parlamentində “Gürcü Arzusu” fraksiyasının yeni qanunvericilik təşəbbüsü müzakirəyə çıxarılıb.
Aktual.ge xəbər verir ki, təşəbbüsə əsasən, korrupsiya və maliyyə cinayətlərinə görə məhkəmə ittihamı almış şəxslər — dövlət qulluqçuları, siyasi vəzifə sahibləri və dövlət müəssisələrinin əməkdaşları — 30 il müddətində hər il Antikorrupsiya Bürosuna əmlak vəziyyəti haqqında bəyannamə təqdim etmək öhdəliyi daşıyacaqlar.
Fraksiyanın rəhbəri və parlament çoxluğunun lideri İrakli Kirkxaliya brifinqdə bildirib ki, bu dəyişikliklər qüvvəyə mindikdən sonra korrupsiya ilə bağlı məhkum olunmuş şəxslərin əmlak vəziyyətinin uzunmüddətli monitorinqi təmin ediləcək və bu, onların cəzanı çəkdikdən sonra qanunsuz əldə edilmiş əmlakı leqallaşdırmasının qarşısını alacaq.
“Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizə əsas prioritetlərdən biridir. Son 13 ildə bu sahədə mühüm nailiyyətlər əldə etmişik və beynəlxalq reytinqlər bunu təsdiqləyir. Lakin biz bununla kifayətlənmirik və məqsədimiz Gürcüstanı korrupsiyanın ən az olduğu ölkələr sırasında ilk üçlükdə görməkdir. Bu dəyişikliklər korrupsiyaya meylli şəxslərə açıq mesajdır,” — Kirkxaliya qeyd edib.
Onun sözlərinə görə, dövlət təhlükəsizliyi xidməti bu prosesdə mühüm rol oynayır, çünki son vaxtlar aşkar edilən korrupsiya faktları dövlətin bu cinayətlərə qarşı sərt mövqeyini bir daha sübut edir.
“Korrupsiyaya qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik və əminəm ki, cəmiyyətin dəstəyi ilə Gürcüstan dünyada ən az korrupsiyalı ölkələrdən biri olacaq,” — Kirkxaliya vurğulayıb.