Tbilisidə, Lotkini yaşayış massivində iki güclü partlayış baş verib.
Aktual.ge xəbər verir ki, Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə nəticəsində bir nəfər 19 yaşlı qız yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya əsasən, hər iki halda partlayışın səbəbi təbii qaz sızması olub.
“Möcüzə nəticəsində sağ qaldıq. Cavab verə bilmədim, üzr istəyirəm. Yaxşıyıq, Tanrıya şükür. Bu, məsuliyyətsizliyin, bacarıqsızlığın nəticəsidir, artıq bilmirəm insanların belə qurban verilməsini və hər şeyə biganə yanaşmanı necə adlandırım. Dünən gecə evimizin qarşısında bina partladı, 19 yaşlı qız yanıq aldı, amma xoşbəxtlikdən sağ qaldı. Bundan sonra yenə qaz iyi gəlirdi, xilasedicilərə dedim ki, qaz iyi var, hər şeyi yoxlayın. Onlar isə istehzalı şəkildə arxasını çevirdi və 114-dən gəlib qazı bağladılar, təhlükə aradan qalxıb dedilər. Guya bu iy sadəcə dağılıb getmişdi. Ardınca isə böyük təzyiqlə güclü partlayış və dağıntı oldu”, – deyə Laşa Şerozia yazıb.
Vətəndaşlar sosial şəbəkədə yazırlar ki, partlayışın səsi o qədər güclü olub ki, təkcə Lotkinidən deyil, digər küçələrdən də eşidilib.
DİN hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.