Tbilisinin Marjanişvili prospekti ərazisində Bolnisi rayonundan olan bir gəncin işlədiyi şaurma kafesinə yaxınlaşan müştəri ona “Marneulidənsən? Niyə gürcü dilini bilmirsən?” deyərək etnik zəmində mübahisə yaradıb, daha sonra isə odlu silah çıxararaq kafe əməkdaşlarını hədələyib. Bütün bu anlar isə şaurma kafenin təhlükəsizlik kameraları tərəfindən anbaaan qeydə alınıb.
Kafe sahibinin sözlərinə görə, bu ilk belə hal deyil. Onun bildirdiyinə görə, bənzər insidentlər tez-tez yaşanır:
“Xüsusilə Marneuli və ya Bolnisidən olub-olmadığım maraqlandırır. Azərbaycanlı olduğumu öyrəndikdə isə münasibət dəyişir və problemlər yaranır”.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı artıq bir nəfər saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu) və 236-cı (qanunsuz silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu, son dövrlərdə etnik zəmində baş verən ilk insident deyil. Xatırladaq ki, sentyabrın 18-də Marneulidə Sakrebulo sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani “Melody” şirniyyat evində çalışan azərbaycanlı yeniyetməyə “niyə gürcü dilini bilmirsən?” deyərək şillə vurmuşdu. O, azyaşlıya qarşı zorakılıq ittihamı ilə saxlanılsa da, hakimin qərarı ilə 15 min lari girov müqabilində azadlığa buraxılmışdı.
Daha ətraflı video xəbəri təqdim edirik: