Statistika həyəcan siqnalı verir | Boşanmalar artır, doğum sayı tarixi minimuma enib
29.09.2025 01:25
682
Maraqlı
A
Statistika həyəcan siqnalı verir | Boşanmalar artır, doğum sayı tarixi minimuma enib

Gürcüstanda doğum göstəricisi tarixi minimuma enib.

Aktual.ge xəbər verir ki, bu, məlumat Milli Statistika Xidmətinin göstəricilərində öz əksini tapıb.

Belə ki, 2024-cü ildə ölkədə cəmi 39 min 483 uşaq dünyaya gəlib ki, bu da son 30 ilin ən aşağı göstəricisidir (məlumatlar 1994-cü ildən təqdim olunur).

Qeyd olunub ki, 1994–2024-cü illər ərzində ən yüksək doğum göstəricisi 2014-cü ildə qeydə alınıb və 60 min 635 nəfər təşkil edib. Həmin ildən sonra doğum hər il azalıb.

Bununla yanaşı, doğum əmsalı da aşağı düşüb. Rəsmi məlumata görə, 2024-cü ildə doğum əmsalı hər min nəfərə 10,7 olub ki, bu da tarixi minimum hesab olunur.

Ölüm göstəriciləri isə fərqli dinamika ilə xarakterizə olunur. Belə ki, Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ildə Gürcüstanda 43 min 971 nəfər dünyasını dəyişib ki, bu da son 30 ilin ən aşağı göstəricisidir. Bununla yanaşı, son 30 ildə ən yüksək ölüm göstəricisi 2021-ci ildə (pandemiya dövründə) qeydə alınıb və 59 min 906 nəfər təşkil edib.

Ümumi ölüm əmsalına gəlincə, 2024-cü ildə hər min nəfərə 11,7 olub. Bu göstərici əvvəlki illə müqayisədə azalsa da, doğumun ümumi əmsalından yüksəkdir.

Azalma tendensiyası ölkədə qeydə alınan nikahların sayında da müşahidə olunur. 2024-cü ildə Gürcüstanda 21 min 653 nikah qeydiyyata alınıb ki, bu da 2006-cı ildən (21 min 845 nikah) bəri ən aşağı göstəricidir [2020-ci ilin pandemiya dövrünü (16 min 359 nikah) istisna etsək]. Azalma tempi boşanmaların sayında da görünür. Belə ki, 2024-cü ildə ölkədə 13 min 520 boşanma qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə daha aşağı göstəricidir. Lakin pandemiyadan əvvəlki dövrlə müqayisədə artım müşahidə olunur. Qeyd edək ki, 2020-ci ildən etibarən boşanmaların sayı kəskin artıb və 2022-ci ildə tarixi maksimuma – 14 min 93-ə çatıb.

ŞƏRH YAZ
8