"Tbilisi Dendroloji Parkında əyləncə attraksionlarının nəhəng parkı yaradılacaq, hansı ki, onun tikintisinə xüsusi töhfə Bidzina İvanişvilinin ailəsi tərəfindən veriləcək və onlar əsas xərclərin böyük hissəsini öz üzərinə götürəcəklər".
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze "Facebook"dakı canlı yayımında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə dendroloji parkın reabilitasiya layihəsi elan olunanda, ilk görülən iş Tbilisi dənizinin yaxınlığında zooparkın köçürülməsi idi. Tbilisi merinin sözlərinə görə, tikiləcək attraksionlar parkının analoqu nəinki Gürcüstanda, hətta regionda da yoxdur və o, ən böyük əyləncə parkı olacaq.
Kaxa Kaladze deyib:
“Tbilisi dənizinin yaxınlığında 160 hektarlıq ərazini əhatə edən dendroloji parkımız var. Bu ərazinin unikal rekreasiya potensialı və biomüxtəlifliyi təkcə yerli sakinlər üçün deyil, paytaxtın digər bölgələrində yaşayan vətəndaşlar və şəhərə gələn qonaqlar üçün də cəlbedicidir. Park həmçinin Tbilisinin yeni zooparkı ilə qonşudur. 2017-ci ildə ictimaiyyətə söz vermişdik ki, yeni layihə həyata keçirəcəyik, dendroloji park qorunub saxlanılacaq, lakin ilk iş olaraq zooparkı bu əraziyə köçürdük. Şəhərin mərkəzində köhnə zooparkımız var idi, hansı ki, bir neçə il öncə onun köçürülməsinə başladıq, çünki oradakı şərait nə heyvanlara, nə də ziyarətçilərə müasir tələblərə cavab verirdi. Bu səbəbdən zooparkı təxminən 50 hektarlıq və dendroloji parkla birbaşa qonşu olan əraziyə köçürməyi planlaşdırdıq. İstəyimiz odur ki, ilk növbədə bu layihəni – zooparkın köçürülməsini tamamlayaq, sonra isə parkın yenilənməsi və reabilitasiyasına başlayaq.
Tbilisi dənizi həm zooparkın, həm də dendroloji parkın ziyarətçiləri üçün vacib məkan olduğuna görə, qərara gəldik ki, məhz bu ərazidə nəhəng attraksion parkı quraq. Onun analoqu nəinki Gürcüstanda, hətta regionda yoxdur. Bu, bölgənin ən iri əyləncə parkı olacaq”.
Mer əlavə edib ki, parkın planlaşdırılmasına bu sahədə təcrübəli mütəxəssislər cəlb olunacaq və “Disneyland”, “Legoland”, “Universal Studios” kimi nümunələrdən istifadə ediləcək.
“Parkın tikintisinə Bidzina İvanişvilinin ailəsi və 'Kartu' xeyriyyə fondu böyük töhfə verəcək. Onlar digər layihələrdə olduğu kimi, bu dəfə də əsas xərclərin böyük hissəsini öz üzərinə götürürlər. Fürsətdən istifadə edib, şəhər üçün etdikləri saysız-hesabsız faydalı işlərə görə Bidzina İvanişviliyə və ailəsinə təşəkkür etmək istəyirəm. Park bir neçə zonaya bölünəcək – müxtəlif növ attraksionlar, uşaq, ekstremal və ailəvi əyləncə sahələri, iaşə obyektləri, mağazalar, istirahət zonaları, bayram mərkəzi və s. yaradılacaq. Xüsusi diqqət yaşıllaşdırmaya və təhlükəsizliyə yönəldiləcək”.